Ermənistanın mina terrorunun qurbanlarının sayı 352-yə çatdı...
Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" səhifəsindəki paylaşımında deyilir.
"Daha iki mülki şəxs Ermənistanın yerləşdirdiyi minanın qurbanı olub. 2020-ci ildə müharibə bitdikdən sonra mina qurbanların sayı 352 nəfərə çatıb", - paylaşımda qeyd edilir.
Xatırladaq ki, bu gün Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib ki, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hər iki şəxs ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
ZÜMRÜD