Tehranın Evin həbsxanasında saxlanan soydaşımıza 16 il həbs verildi...
Güney Azərbaycan Təşkilatları İran rejiminin güneyli fəallara təzyiq və zorakılıqları ilə bağlı “Amnesty International” və “Human Rights Watch” insan haqları təşkilatlarına müraciət edib.
Müraciətdə deyilir:
Məlum olduğu kimi, İranda hökmranlıq edən islam rejimi heç bir ümumbəşəri insan haqları dəyər və normalarını tanımır və ölkə daxilində fəaliyyət göstərən siyasi, sivil, mədəni, media, ətraf mühit və bu kimi fəalları hətta öz konstitusiyasında müəyyən edilmiş qanunlara zidd olaraq, zülm və zorakılığa məruz qoyur. Özbaşına həbslər, həbs zamanı fiziki və psixoloji zorakılıq və işgəncələr, məhbusların qanuni hüquqlarından istifadə etmələrinə imkan verilməməsi, məhbusların ailələrinə təzyiqlər İranda adi haldır. Eyni şəkildə həbs olunmayan fəallara təhlükəsizlik orqanlarından zəng edərək təhdid etmək, təhsil və iş hüquqlarını məhdudlaşdırmaq, sərbəst hərəkət və səyahət hüquqlarını məhdudlaşdırmaq, müxtəlif üsullarla, xüsusən də internet məhdudiyyətləri ilə ifadə azadlığını məhdudlaşdırmaq İran İslam Respublikasında repressiv qüvvələrin gündəlik işidir.
İran rejimi xüsusilə milli və dini qruplara qarşı daha çox ayrı-seçkilik, məhdudiyyət, təzyiq və zorakılıq tətbiq edir. Rejimin həbsxanalarındakı fəalların sayı, eləcə də ölkə üzrə tətbiq edilən ölüm hökmləri əyalətlər (ostan) əsasında araşdırıldığında, milli və dini qrupların daha yüksək təzyiq və zorakılığa məruz qaldığı açıq şəkildə görünür.
Güney Azərbaycanda və ümumilikdə İranda Türk əsilli vətəndaşlar da İran İslam rejimi tərəfindən ayrı-seçkiliyə, məhdudiyyətlərə, təzyiqlərə və zorakılığa məruz qalırlar. Bu qeyri-qanuni və qeyri-insani əməllərin ən azı bir əsrlik tarixi olsa da, son aylarda baş verən qanunsuz həbslər və işgəncə dalğası bunun ən bariz göstəricisidir.
İki aydan artıqdır ki, bir çox Güney Azərbaycanlı Türk fəalları heç bir qanuni əsas olmadan həbs edilib, sorğu-sual zamanı fiziki və psixoloji zorakılığa, işgəncələrə məruz qalıb, qanuni hüquqlarından, xüsusən də vəkilə çatım hüququndan məhrum ediliblər. Ayrıca, təhlükəsizlik qüvvələri həmin fəalların ailələrini saxlanılan əzizlərinin durumundan məlumatsız buraxıb, eləcə də, onlara qarşı təhdid və təzyiq tətbiq edirlər”.
Müraciətdə son aylarda həbs olunan fəalların adları və həbs tarixləri də göstərilib:
Murtuza NurMəhəmmədi – 9 sentyabr 2023-cü il
Əmir Hüseyn Ağayi – 12 sentyabr 2023-cü il
Araz İbrahimnejad – 12 sentyabr 2023-cü il
Məhəmməd Rza Müvəhhid – 12 sentyabr 2023-cü il
Əli Babayi – 12 sentyabr 2023-cü il
Cavad Sudbər – 12 sentyabr 2023-cü il
Davud Şiri – 12 sentyabr 2023-cü il
Mehrdad Qadiri – 14 sentyabr 2023-cü il
Hüseyn Azadi – 23 sentyabr 2023-cü il
İbrahim Əvəzzadə – 1 oktyabr 2023-cü il
Nasir Rəzmcu – 1 oktyabr 2023-cü il
Ayat (Yürüş) Mehrəlibəyli - 7 noyabr 2023
Hamid Yeganəpur – 8 noyabr 2023-cü il
Qeyd edilir ki, adları çəkilən fəallar hələ də həbsdədirlər və daxil olan məlumat əsasında onların bir çoxunun həbs və dindirilmə zamanı zorakılıq və işgəncələrə məruz qalıb, evlərində və iş yerlərində axtarış aparılıb, şəxsi əşyaları müsadirə edilib. Onların ailələri isə həbsdə olan ailə üzvləri ilə bağlı kifayət qədər məlumat ala bilmədiklərindən hələ də təşviş və iztirab içində gözləyirlər.
“Təbii ki, İran rejiminin təzyiqlərinə, zorakılıqlarına və qanunsuz əməllərinə məruz qalan Güney Azərbaycan Türk fəallar sadəcə yuxarıda qeyd olunanlar deyil. Bir çox mədəni fəal təzyiq və zorakılığa məruz qalıb və ədalətsiz cəzalara məhkum edilib. Məsələn, Tehranın Evin həbsxanasında saxlanılan və həbsdə olarkən qanuni hüquqlarından məhrum edilən Azərbaycanlı mədəni fəal Mahmud Ocaqlunun 16 illik həbs cəzası kəsinləşib.
Daha bir acınacaqlısı odur ki, çox təəssüf ki, fars dilli media, eləcə də rejimə müxalif olan siyasi və insan haqları təşkilatları milli qrupların insan haqları məsələlərinə separatçılıq kimi bəzi etiketlərlə yanaşır və onların xəbərlərini boykot edirlər. Bu vəziyyət, yumşaq desək, əslində İran rejiminin müxaliflərinə qarşı repressiya işini asanlaşdırır.
Biz, bu məktubu imzalayan təşkilatlar olaraq, İran rejiminin qeyri-qanuni ayrı-seçkilik, məhdudiyyətlər, təzyiq, həbs, zorakılıq və işgəncə tətbiqlərini şiddətlə pisləyirik; İranda insan haqlarının pozulması, o cümlədən milli və dini qruplara qarşı geniş vüsət alan pozuntuların azad dünyanın vicdanına çatdırılmasında sizdən, xüsusilə də siz, hörmətli insan haqları təşkilatlarından xahiş və ümid edirik.
Ümid edirik ki, sizin yardım və dəstəyinizlə azad dünyanın vicdanı İranda baş verən haqsızlıq və qanunsuzluqlara biganə qalmayacaq, etiraz səslərinin yüksəlməsi xalqımızın iztirablarının bir az da olsa azalmasına səbəb olacaq – deyə müraciətdə bildirilir.
Müraciəti Azərbaycan Mərkəz Partiyası (AMP), Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş), Azərbaycan Öyrənci Hərəkəti (AZOH) və Güney Azərbaycan Demokrat Partisi imzalayıb.
TAHİR