Ermənilər daha bir alban kilsəsini "erməniləşdirməyə" qalxdı...
“Azərbaycanda “Zoraxaç” adlı kilsə olmayıb, araşdırsanız görərsiniz ki, Dövlət Reyestrində də yoxdur”
Ermənilərin Qarabağda, Şərqi Zəngəzurda “erməni mədəni irsi” barədə şouları bitib-tükənmək bilmir. Əvvəl Ermənistanın ictimai radiosu, indi də başqa media qurumları iddia edirlər ki, guya Laçında “Zoraxaç” adlı erməni “kilsəsi” varmış, azərbaycanlılar da indi onu alban kilsəsi kimi təqdim edirlər.
Bildiyimiz kimi, Laçın işğalda olduğu dövrlərdə bura Suriyadan, Livandan, başqa xarici ölkələrdən kütləvi olaraq ermənilər köçürülüb məskunlaşdırılmışdı, onlar da Laçını “Kaştaq” adlandırırlar, ermənilər isə “Berdzor” deyirdilər.
“Hayk Mədəniyyətinin Ombudsmanı” Ovik Avanesov iddia edib ki, guya aprelin 4-də sosial şəbəkələrin Azərbaycan seqmentində “Zoraxaç” kilsəsi alban (Ağvan) kimi təqdim edilib.
Yenə də təmsil etdiyi toplumun işğalçılıq xislətlərindən əl çəkmək istəməyən üzdəniraq mədəniyyət “ombudsmanı” “Arsax” ifadəsini işlədib.
“Ermənilərin bu iddiası tamamilə yalandır”
AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, maddi irs üzrə mütəxəssis Faiq İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu da növbəti erməni yalanıdır. Hazırda Laçında olduğunu deyən F.İsmayılov qeyd etdi ki, Azərbaycanda heç bir qədim erməni irsi yoxdur.
“Zoraxaç” kilsəsinə gəlincə, F.İsmayılov “Ümumiyyətlə, “Zoraxaç” adlı kilsə nə Sovet dövründə qeydiyyatda olub, nə də indi qeydiyyatdadır. Azərbaycanda “Zoraxaç” adlı kilsə olmayıb, araşdırsanız görərsiniz ki, Dövlət Reyestrində də yoxdur.
Bir faktı deyim, Laçın rayonu işğal edilənə qədər Laçında ermənilər yaşamayıb. Burada heç zaman qədim erməni kilsəsi olmayıb. Mən ermənilərin yaydığı fotoya baxdım, tamamilə saxtadır. Birincisi, həmin şəkildə təsvir edilən tikili müasir tikilidir, orada heç bir qədimlik nişanəsi yoxdur. İkincisi də, bu adda kilsəyə tarixi sənədlərdə, mənbələrdə rast gələ bilməzsiniz”-deyə bildirdi.
F.İsmayılovun sözlərinə görə, Laçında qədim abidələr çoxdur, onlar isə alban mədəni irsidir.
“Laçın həm tarix-mədəniyyət, həm arxeoloji abidələrlə zəngindir. Burada alban dövrünə aid abidələr də çoxdur. Hətta I,II, III əsrlərə mənsub abidələr da var, amma bu abidələrin ermənilərlə heç bir əlaqəsi yoxdur. Laçın rayonunun Hocaz kəndində bir alban abidəsi var, işğal dövründə ermənilər onun formasını dəyişiblər, əlavələr ediblər, saxtalaşdırıblar.
İşğal dövründə isə Laçında 1, Cəbrayılda 1, Kəlbəcərdə 1, Zəngilanda 1, Xankəndidə 1 kilsə tikiblər. Xankəndidə bir kilsə Sovet dövründə tikdilər, birini sonra, birini də 2019-cu ildə. Ermənilərin “tarixi abidə” adlandırdıqlarının heç biri qədim tikili deyil, hamısı son 30 ildə qanunsuz şəkildə tikdikləridir. Ermənilərin bu iddiası tamamilə yalandır. Əgər belə bir kilsə olsaydı o mütləq reyestrdə olardı. Amma siyahıda yoxdur”-deyə F.İsmayılov əlavə etdi.
O bildirdi ki, müasir tikilini “abidə” adlandırmağın özü gülünc haldır.
İradə SARIYEVA