Üçtərəfli Brüssel görüşündə Zəngəzur dəhlizinə qarşı mövqe sərgiləndi...
Mehman İsmayılov: “Brüsseldə Paşinyanın irəli sürdüyü bu layihənin dəstəklənməsi barədə verilən bəyanat, sadəcə, Ermənistana verilmiş zəhərli şirniyyatdır”
ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşün regiona sülh və sabitlik deyil, böyük problemlər, qarşıdurmalar gətirəcəyi istisna edilmir.
Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə keçirilən görüşdə Lyayen Paşinyanın təklif etdiyi “Sülh qovşağı” (“Dünyaların kəsişməsi”) təşəbbüsünü alqışlayıb. Beləliklə, Brüsseldə üçtərəfli görüşdə Paşinyanın o mifik " Sülh kədişməsi" layihəsi dəstəklənib.
Məlumdur ki Paşinyan bu layihəni əslində "Zəngəzur dəhlizi”nə alternativ kimi irəli sürüb. Brüsseldə bu layihənin dəstəklənməsi Qərbin Zəngəzur dəhlizinə qarşı olduğunu deməyə daha bir əsas hesab edilə bilərmi?
“Qərb istəmir ki, “Zəngəzur dəhlizi” Rusiya Güney Qafqazın ərazindən sıxışdırılana qədər açılsın”
Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Paşinyanın irəli sürdüyü “Sülh yolayrıcı” layihəsi sadə bir erməni avantürasıdır. M.İsmaylovun sözlərinə görə, Paşinyan üçtərəfli bəyanatı imzalayarkən öz üzərinə Azərbaycanın Qərb rayonları ilə Naxçıvanı birləşdirəcək “Zəngəzur dəhlizi”nin açılmasına hər cür şərait yaratmaq və onun təhlükəsizliyini təmin etmək öhdəliyi götürüb. “Üçtərəfli bəyanatın 9-cu bəndinə uyğun olaraq o yolun təhlükəsizliyinə nəzarət Rusiyanın əlində olmalı idi. “Zəngəzur dəhlizi”nin açılmasının əleyhinə çox açıq şəkildə İran çıxış edir. “Zəngəzur dəhilizi”ə “Türk dəhlizi”, “Turan dəhlizi” deyib onun açılmasına qarşı fəaliyyət göstərir. Qərb “Zəngəzur dəhlizi”nin əleyhinə deyil, Qərb o dəhlizin Rusiyanın nəzarətində olmasının əleyhinədir. Çünki Rusiya dəhlizə bir iqtisadi rıçaq kimi yanaşır, o dəhlizə siyasi təsir mexanizmi kimi baxır. Ona görə də Qərb istəmir ki, “Zəngəzur dəhlizi” Rusiya Güney Qafqazın ərazindən sıxışdırılana qədər açılsın. Ermənistanın irəli sürdüyü bu mifik, heç bir məntiqə söykənməyən sülh yolayırıcı” layihəsi isə Ermənistanın kommunikasiyaların açılmasına müqavimət göstərməsinə dair səsləndirilən arqumentlərin qarşısını almaq üçündür. Yəni Paşinyan özünün bu əbləh planını irəli sürüb görüntü yaratmaq istəyir ki, Ermənistan kommunikasiyaların açılmasının əleyhinə deyil, sadəcə biz alternativ variant irəli sürürük. Azərbaycan antiterror tədbirləri həyata keçirib erməni separatizminin kökünü kəsəndən sonra isə Ermənistan ümumiyyətlə Rusiyanın nəzarətində olacaq hər hansı bir kommunikasiyaya imza atmaq istəmir. Belə olan şəkildə, təbiidir ki, Paşinyan Qərbin sifarişini və İranın basqısını yerinə yetirib “Zəngəzur dəhlizi”nin açılmasına maneçilik törədir. Özü heç bir məntiqə söykənməyən “sülh yolayrıcı” proqramı irəli sürür, Ermənistanın xəritəsi üzərində dənizlərə istiqamətlənmiş 4 ox işarəsi çəkib və bunu da layihə kimi qələmə verir. Brüsslldə Paşinyanın irəli sürdüyü bu layihənin dəstəklənməsi barədə verilən bəyanat sadəcə, Ermənistana verilmiş zəhərli şirniyyatdır. Hər kəs bilir ki, Amerika İranın ərazisindən keçə biləcək hansısa bir kommunikasiyaya dəstək verməz, bu yalnız Paşinyanın ağlına gələ bilər. İkincisi, hər kəs bilir ki, “Zəngəzur dəhlizi” bölgədə həm Azərbaycana, həm Türkiyəyə, həm Rusiyaya gərəkdir. Əgər Paşinyanın irəli sürdüyü o “sülh yolayrıcı” planına Türkiyə, Azərbaycan dəstək verməyəcəksə, necə yaradıla, necə işləyə bilər? Ermənistanın sərhəd uzunluğu 1570 kilometrdir. Onun 1333 kilometri Azərbaycan və Türkiyə ilədir. Ermənistan öz sərhədlərinin cəmi 15 faiz imkanlarından istifadə edə bilir. Belə olan şəkildə Ermənistan bu layihəni necə həyata keçirdəcək?” - deyə bildirən M.İsmayılov qeyd etdi ki, Ermənistan dalana dirənmiş bir ölkədir.
Politoloqun fikrincə, belə vəziyyətdə Blinkenin və ya Ursula Fon der Lyayenin dəstək verdiklərini söylədikləri həmin layihənin praktik olaraq həyata keçirilməsi mümkün deyil. “Çünki Ermənistanın “Zəngəzur dəhlizi”nın açılmasına əngəl törədib irəli sürdüyü bu məntiqsiz plan, sadəcə olaraq, erməni arqumenti tapıb “Zəngəzur dəhlizi”ni niyə açmadığını ortaya çıxarmaqdır. Guya bunlar kommunikasiyaların açılmasının əleyhinə deyil, sadəcə, alternativ variant təklif edirlər, ən qısa yol “Zəngəzur dəhlizi” olduğu halda, bunlar Ermənistanın ərazisində Naxçıvana və Türkiyəyə yol təklif edirlər. Yəni bu çox mənasız layihədir, onun Brüsslldə dəstəklənməsi sadəcə, Ermənistandan tələb olunan antirusiya, antiiran, antiazərbaycan, antitürkiyə fəaliyyətinin qarşılığında Ermənistanın qarşısına itələnmiş zəhərli bir şirniyyat rolundadır, başqa bir şey deyil”-deyə M.İsmayılov əlavə etdi.
İradə SARIYEVA