Yeni taksi qaydaları bölgələrdə xüsusi narahatlıq doğurub - "təzə maşını necə alaq?"…
Taksilər dünyanın hər yerində ictimai nəqliyyatın alternativ növü kimi mühüm rol oynayır. Bu gün taksi xidməti Bakı şəhərində ölkənin digər iri şəhərlərində olduğu kimi əlçatanlığı ilə fərqlənir.
Taksi xidməti sektorunda göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sahədə mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə mühüm islahatlara başlanılıb.
Məlum olduğu kimi, Nazirlər Kabineti taksi minik avtomobilinə dair tələblər müəyyənləşdirib. Tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər.
Taksi ilə bağlı tətbiq ediləcək yenilik bölgələrdə çalışan taksi sürücülərinin narazılığına səbəb olur. Onlar hesab edir ki, avtomobilləri yeni tələblərə cavab vermir. Yeni avtomobil almağa da imkanları çatmır. Bu səbəbdən də rayonda fəaliyyət göstərən taksi şirkəti və sürücülər yeni qaydalarla bağlı rayonlara fərq qoyulmasını tələb edir. Maraqlıdır, bölgələrdə fəaliyyət göstərən taksi sürücüləri üçün güzəşt tətbiq oluna bilərmi?
AYNA: “Mövcud qanun bütün respublika üçün nəzərdə tutulub”
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Bakı-Xəbər”ə bildirildi ki, mövcud qanun bütün respublika üçün nəzərdə tutulub. Rayonlar üçün hazırda heç bir istisna yoxdur.
Ilqar Hüseynli: “Bölgələrdə taksi fəaliyyəti ilə məşğul olanlara güzəşt tətbiq oluna bilər”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, yeni qaydalar sosialyönümlü olmalıdır: “Bölgələrdə taksi xidməti ilə məşğul olan çoxlu sayda insan var. Onlar həm rayon daxilində, həm də şəhərlərarası taksi kimi fəaliyyət göstərirlər. Əksər taksilər ya Sovet dönəmindən qalıb, ya da istehsal ili 15 ildən çoxdur. Həmin maşınların yenilənməsi və hazırki standartlara cavab verməsi mümkün deyil. Bölgələrdə taksi fəaliyyəti ilə məşğul olanlara güzəşt tətbiq oluna bilər. Onların maddi durumu nəzərə alınmalıdır”.
Günel CƏLİLOVA