AQTA bazarlara hansı heyvanların girib-çıxdığını elektron sistemlə izləyəcək...
Akif Nəsirli: “Heyvanı satmadan öncə onun haqqında sistem məlumatları olarsa, o zaman alıcılar da dələduzluğun qurbanına çevrilməz”
Azərbaycanda bazarlara daxil olan və bazarlardan çıxarılan heyvanlar xüsusi sistemlə izləniləcək. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bazarlar “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi”ndə qeydiyyata götürüləcək, bazara daxil olan və bazardan aparılan heyvanların identikləşdirilməsi və onların sistem üzərindən izlənməsi təmin ediləcək.
Qeyd edək ki, bu proses AQTA-nın heyvan bazarlarında apardığı monitorinqlər çərçivəsində aşkarlanan nöqsanlarla bağlı görülən tədbirlər çərçivəsində baş tutacaq.
Maraqlıdır, bu yenilik heyvandarlıq və ət bazarına necə təsir edəcək?
“Bazarlara daxil olan və bazarlardan çıxarılan heyvanların xüsusi sistemlə izlənilməsi keyfiyyətsiz ət və ət məhsullarının dövrüyyədən çıxarılmasına səbəb olacaq”
Aqrar sahə üzrə ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bazarda satışa çıxarılan heyvanlar haqda lazımi məlumatlara ehtiyac var idi. Bu baxımdan yeni qərar təqdirəlayiqdir: “Məlumdur ki, bazarda satışa heyvanlar çıxarılır. Danılmaz faktdır ki, heyvandan anlayışı olmayan alıcılar dələduzluğun qurbanına çevrilir. Heyvanı satmadan öncə onun haqqında sistem məlumatları olarsa, o zaman alıcılar da dələduzluğun qurbanına çevrilməz”.
Ekspert hesab edir ki, bazarlara daxil olan və bazarlardan çıxarılan heyvanların xüsusi sistemlə izlənilməsi keyfiyyətsiz ət və ət məhsullarını dövriyyədən çıxarılmasına səbəb olacaq: “Hər bir heyvan doğulduğu gündən etibarən bütün məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan qurumlar tərəfindən qeydiyyata alınaraq nazirliyin informasiya bazasında yerləşdirilməlidir. Heyvanın keçirdiyi xəstəliklər, onun sağalması üçün istifadə olunan dərmanlar və digər məlumatlar nazirliyin informasiya bazasında əks olunmalıdır. Yaxşı olar ki, nazirlik məlumat bazasında heyvanlarla bağlı yerləşdirilən qeydləri daim yoxlasın”.
Günel CƏLİLOVA