Müəllimlər 65 yaşda təqaüdə getmək istəmir - işə deputatlar qarışdı...
Kamran Əsədov: “Təhsil sistemində yaşlı müəllimləri saxlamaqla heç vaxt keyfiyyət yüksəkliyinə nail olunmur”
65 yaşa çatmış müəllimlərin pensiyaya çıxması zaman-zaman müzakirələrə səbəb olur. Müşahidələr göstərir ki, təqaüd yaşlı müəllimlər pensiyaya çıxmağa həvəsli olmur, qalıb işləmək istəyirlər. Hətta bu məsələ bu günlərdə Milli Məclisdə də müzakirə olunub. Millət vəkilləri qeyd edib ki, 65 yaşlı müəllimlər təqaüdə çıxmır: “Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir”.
Maraqlıdır, 65 yaşında müəllimlər niyə təqaüdə çıxmaq istəmir? Ümumiyyətlə, bu məsələ necə həll oluna bilər?
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda 4432 orta təhsil məktəbində 150 min müəllim çalışır: “Müəllimlərin işə qəbul imtahanları, sertifikasiya və diaqnostika imtahanlarının nəticələrini təhlillərində görürük ki, yaşı 50-dən yuxarı olanların göstəriciləri ilə 30-dan çox olan müəllimlərin göstəricilərində fərq olduqca çoxdur. Həmçinin, ali təhsil ocaqlarında da gənc müəllimlərlə işləyən şagirdlərin nəticələri daha yaxşıdır. Bu onunla bağlıdır ki, gənc müəllimlər daha dinamikdilər. Yeniliyə daim açıqdırlar”.
Ekspertin sözlərinə görə, yaşlı müəllimlərin təcrübəsi olsa da, təhsilin tədrisində o qədər də yüksək göstəriciyə malik deyillər: “Hesab edirəm ki, müəllimlərin dincəlməsi üçün onlar nəinki 65, hətta 60 yaşdan sonra təqaüdə göndərilməlidir. Əvəzinə isə gəncləri işə götürməliyik. Belə olduğu halda, həm də gənclərin işsizlik problemi həll olunacaq. Təhsil sistemində yaşlı müəllimləri saxlamaqla heç vaxt keyfiyyət yüksəkliyinə nail olunmur. Bu birməmalı qəbul olunmalıdır. Çünki onların təcrübəsi çoxdur. Lakin təhsil dinamik yenilikləri, dəyişməyi istəyən sahədir”.
Elxan Əliyev: “65 yaşlı müəllimlər hamısı Sovet təhsil sistemində yetişib, Azərbaycan isə bu gün Avropa təhsil sistemi ilə işləməyə üstünlük verir”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 50-55 yaşdan sonra insan beyinində yorulmalar, zəifləmələr prosesi gedir: “Bu səbəbdən də 65 yaşılı müəllim heç vaxt normal dərs keçə bilməz. Təbii ki, istisnalar mövcuddur. Digər tərəfdən, 65 yaşlı müəllimlər hamısı Sovet təhsil sistemində yetişiblər. Azərbaycan isə bu gün Avropa təhsil sistemi ilə işləməyə üstünlük verir. 65 yaşlı müəllimlər yeni metodologiyaları normal mənimsəyə bilmirlər və yaxud da buna cəhd etmirlər. Qanunvericiliyə görə, müəllimin çalışma yaş həddi 65 yaş müəyyənləşib. Onu da deyim ki, 65 yaşı tamam olan müəllimlər hörmət-izzətlə təqaüdə göndərilməlidir. Nəzərə almaq lazımdır ki, bunlar ömürlərinin 30-35 ilini təhsilə, məktəbə həsr ediblər. Bu səbəbdən də həmin müəllimləri hörmətlə təqaüdə göndərmək lazımdır”.
Günel CƏLİLOVA