5 aprelin təxirə salınması sülh üçün çox vacibdir - Qərb Əliyevin real təklifini anlamadı...
Yadigar Məmmədli: “Adətən bu və digər addımlar Ermənistanı təxribatlara sövq edir”
Məlum olduğu kimi, ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib. Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.
O da məlumdur ki, Azərbaycan 5 aprel görüşünün təxirə salınmasını istəyir, amma Qərb bunu təxirə salmır. Halbuki, telefon danışığında ölkə başçısı bunun zərərlərinə toxunub. Prezident Əliyevin qənaətinə görə, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.
Maraqlıdır, Qərb 5 aprel görüşünü niyə təxirə salmır və bunda məqsəd nədən ibarətdir? Nəzərə alsaq ki, bu görüş bölgədə vəziyyəti gərginləşdirir, o zaman niyə təxirə salmırlar? Halbuki, bu, Prezidentin dediyi kimi silahlanma yarışına rəvac verir.
“Məlum görüş ona görə ləğv edilmədi ki, Qərb Azərbaycanın maraqlarını nəzərə almadı”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən media eksperti Yadigar Məmmədli görüşün təxirə salınmamasını bir sıra amillərlə əlaqələndirdi: “Məlum olduğu kimi, 5 aprel görüşü birmənalı qarşılanmır və ciddi müzakirələrə səbəb olub. Məsələ ondadır ki, 5 aprel görüşü Azərbaycanın əleyhinə olan bir tədbirdir. Ona görə ki, tədbir qeyri-şəffafdır və Azərbaycanın orada iştirakı təmin edilməyib. Açıq-aşkar görünür ki, ABŞ və Avroittifaq xristian təəssbkeşliyi mövqeyindən çıxış edir. Ona görə də keçiriləcək görüşlə bağlı haqlı narazılıq var. Çünki bu görüş sülhün yaranmasına, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə xidmət etməyəcək. Əksinə, vəziyyəti daha da gərginləşdirəcək. Bunu əsaslandıran məqamlar bugünə qədər baş verən hadisələrdir. Biz şahidi olmuşuq ki, Fransa özü Ermənistana yardım göstərir. Bununla paralel, Avropa İttifaqı müşahidə missiyasının Ermənistanda üzvlərinin sayı artırılıb. Adətən bu və digər addımlar Ermənistanı təxribatlara sövq edir. Bundan istifadə edərək şərti sərhəddə atəşkəsi pozurlar. Necə ki, 5 aydan sonra bunu etdilər. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, 5 aprel Brüssel görüşü ləğv edilməli idi. Ancaq Qərb, əfsuslar olsun ki, buna getmədi. Məlum görüş ona görə ləğv edilmədi ki, Qərb Azərbaycanın maraqlarını nəzərə almadı. Əgər nəzərə alınsaydı, ya bu görüş təxirə salınardı, ya da Azərbaycanı da Brüsselə dəvət edərdilər. Azərbaycanın Avropanın əsas enerji tərəfdaşlarından biri olmasına baxmayaraq, bu amili görməzdən gəldilər. Bütün bunlar onu göstərir ki, Qərb bu məsələdə riyakar mövqedən çıxış edir. Konkret, ədalətli, beynəlxalq hüquqa söykənən praktiki addımların atılmasını istəmir. Qərb Rusiyanı Ermənistandan çıxarmaq istəyirsə, bu onların öz işidir. Yaxşı, bəs Azərbaycanı niyə nəyəsə alət etmək istəyirlər? Ona görə də 5 aprel görüşünün ləğv edilməməsi böyük siyasi yanlışlıq idi”.
Vidadi ORDAHALLI