Paşinyanın partiyası Kremli ittiham edir - Rusiya azı 3 dəfə sülh şansını pozdu...
Məhəmməd Əsədullazadə: “Otuz il ərzində ərazilərimiz işğal altında olanda belə fikirləri səsləndirmirdilər”
Hakim partiyanı təmsil edən erməni deputatların Rusiyaya yönəlik ittihamları artır. Ermənistanın hakim Mülki Müqavilə Partiyasının əsas deputatlarından biri olan Qagik Melkonyan bəyan edib ki, iki ölkə arasında sülhün əldə olunamamasının günahkarı məhz Rusiyadır: “1994-cü ildə qalib gəldik və sülhə getmək imkanımız oldu, amma bunu etmədik. Biz buna razı olmadıq, çünki Rusiya sülh istəmirdi. 1997-1998-ci illərdə sülhün bağlanması üçün mərhələli və paket variantları təklif olunanda biz dərhal “bir qarış torpaq da olmaz” ideyasının tərəfdarı olduq. Bizi bir qarış torpağı da verməməyə təhrik edən kimdir? Təbii ki, Rusiya. O, bu məsələnin sülh yolu ilə həll olunmasını istəmirdi. 2011-ci ildə Kazandakı görüşdə Azərbaycan sülhə getmək istəmədi, çünki hərbi balans pozuldu. Rusiya bütün bunlara görə məsuliyyət daşıyır, o, bu regionda sülh istəmirdi. O, iki tərəfin mübarizəsindən razı qaldı, ondan ancaq qazandı”.
“Azərbaycan işğala son qoyandan sonra düşüblər Rusiyanın üstünə...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya iki ölkə arasında sülhün yaradılmasında maraqlı olmayıb: “Zaman-zaman Ermənistanda hakim partiya deputatları Rusiyanı ittiham ediblər. Əsas arqumentlər də ondan ibarətdir ki, Rusiya heç vaxt Ermənistanı müdafiə etməyib. Moskva Ermənistandan öz maraqları üçün faydalanıb. Kazan danışıqları zamanı Rusiya prezdenti Dmitri Medvedev idi. Həmin danışıqlarda Ermənistanın xeyrinə olan məqamlar çox idi, amma yaxşı ki, bu alınmadı. Çünki bu baş versəydi, indiki kimi ərazi bütövlüyümüzü, suverenliyimizi təmin edə bilməzdik. Ümumilikdə, Rusiyanın yanaşması o idi ki, münaqişə həll olunmasın və hər iki ölkə Moskvandan asılı olsun. Ancaq Qagik Melkonyanın dedikləri həm də anti-Rusiya isteriyasıdır. Çünki o, Rusiyaya qarşı çıxışları ilə öndə gəlir. Əsas məqsəd ondan ibarətdir ki, bununla bağlı Qərbdən daha çox dəstək alsınlar və cəmiyyətdə güclü antirus ovqatı formalaşdırsınlar. Otuz il ərzində ərazilərimiz işğal altında olanda belə fikirləri səsləndirmirdilər. Azərbaycan işğala son qoyandan sonra düşüblər Rusiyanın üstünə. Geosiyasi reallıqlar, Azərbaycanın güclənməsi Rusiyanı bununla barışmağa məcbur etdi. Həmçinin Ermənistanı fakt qarşısında qoydu. Ermənistan Qarabağ məsələsini bəhanə edərək Rusiyadan uzaqlaşma kursu götürüb. Bunların dərdi Qərblə yaxınlaşıb onlardan maksimum faydalanmaqdır. Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə əlaqələri genişləndirməkdə qərarlı görünür. Məqsəd həm də süni gərginlik yaratmaq və bu məqsədlə Qərbdən daha çox yardım qoparmaqdır. Üstəlik, 5 aprel yaxınlaşdıqca, Ermənistanda Rusiyaya yönəlik tənqidlərin “dozası” daha da artır”.
Vidadi ORDAHALLI