Taksi kameraları sərnişinin bütün hərəkətlərini çəkəcək - pis və yaxşı tərəflər...
Aslan Əsədov: “Yeni qayda sərnişin və taksi sürücülərinin tənzimlənməsi üçün tərtib olunub”
Son illərdə taksilərlə bağlı ciddi problemlər yaranıb. Bir çox sərnişin taksilərin fəaliyyətindən narazılıq ifadə edir. Həmçinin insanlarda taksilərə qarşı güvənsizlik yaranıb. Taksi sürücülərinin qeyri-etik davranışları, onların arasında narkotik istifadə edənlərin olması kimi zaman-zaman sosial şəbəkələrdə səsləndirilən iddialar taksi fəaliyyətinə qarşı birmənalı olmayan fikirlər formalaşdırıb. Bu səbəbdən də taksilərə videokameralar quraşdırılacaq. Nazirlər Kabinetinin “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair Tələblər”ində bu qeyd edilib. Yeni qaydalara əsasən, taksi nəqliyyat vasitələrinə quraşdırılan videoregistrator bütün salonu əhatə etməli və qeydə aldığı məlumatlar ən azı 15 gün saxlanmalıdır. Məlum yenilik bəzi vətəndaşlar tərəfindən narazılığa səbəb olub. Belə ki, sərnişinlər avtomobilin salonunun çəkilməsini düzgün olmadığını düşünür. Onların fikrincə, onların şəxsi danışıqları və digər məsələlər sürücü və ya taksi fəaliyyətini həyata keçirən şirkət tərəfindən yayımlana bilər.
Maraqlıdır, taksi sürücülərinin videokamera ilə salondakı sərnişinlərlə bağlı topladığı fərdi informasiyaların taleyi necə olacaq? Bu video-məlumatların təhlükəsizliyi necə qorunacaq?
“Taksilərdə nəzarət-müşahidə kamerasının quraşdırılmasının sərnişinlərdə hər hansı naratlıq doğurmasının heç bir əsası yoxdur, çünki…”
Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, taksi kimi xidmət göstərəcək avtomobillərin bir ay müddətində yaddaş qurğusu ilə təmin edilməsi əsas element kimi qoyulub. Avtobus və digər nəqliyyat vasitələrində də yaddaş qurğusu var. Yaddaş qurğusunun olması o demək deyil ki, taksi sürücüsü və ya şirkət məlumatı kiməsə göndərəcək. Taksilərdə nəzarət-müşahidə kamerasının quraşdırılmasının sərnişinlərdə hər hansı naratlıq doğurmasının heç bir əsası yoxdur. Çünki oradakı video informasiyaların üçüncü şəxslə paylaşılması yolverilməzdir: “Taksi video görüntüləri və ya da məlumat hər kəs üçün əlçatan olmayacaq. Bunun üçün xüsusi proqram təminatı olacaq və səlahiyyətli şəxslər bundan istifadə edə biləcək. Həmin məlumatlar polis və ya mühafizə şirkətləri tərəfindən də yoxlanıla bilər”.
Həmsöhbətimizin sözlərinə görə, taksidə çəkiləcək şəxsi məlumatların yayılması mümkün deyil: “Onu da deyim ki, taksilərlə bağlı bu yeni qayda sərnişin və taksi sürücülərinin tənzimlənməsi üçün tərtib olunub. Iki tərəf arasında intizamsızlıq, kobud rəftar olarsa o zaman hüquq-mühafizə orqanlarının iştirakı ilə yaddaş qurğusundakı məlumata baxıla bilər”.
Günel CƏLİLOVA