Zaxarova necə imtina edə bilər ki, “Zəngəzur dəhlizi” ifadəsini Putin şəxsən işlədib...
Əli Orucov: “Rusiya hakimiyyəti yaxşı bilir ki, ermənilər onları satıb”
Diqqətinizə çatdırmaq istərdim ki, biz “Zəngəzur dəhlizi” ifadəsini işlətmirik. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu günlərdə keçirdiyi brifinqdə deyib.
“Söhbət Azərbaycanın qərb rayonlarını Ermənistanın Sünik (Zəngəzur) rayonu ərazisindən keçməklə Naxçıvanla birləşdirən marşrutdan gedir. Kompromisləri inkişaf etdirmək üçün yaxşı qurulmuş mexanizm var. Bu, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupdur. 2023-cü il iyunun 2-də keçirilən son iclasında tərəflər regionda nəqliyyat və iqtisadi yolların blokadadan çıxarılması üçün hərtərəfli, qarşılıqlı faydalı qərar qəbul etməyə yaxın idilər. Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və üçtərəfli işçi qrup da daxil olmaqla yaradılmış üçtərəfli formatlar arasında qarşılıqlı fəaliyyəti bərpa etməyə çağırırıq”, - o bildirib.
Görünən odur ki, Zaxarova bəzi məsələləri danır. Necə yəni, biz “Zəngəzur dəhlizi” ifadəsini işlətmirik? 2021-ci ilin noyabrında Soçi görüşündə prezident Putin “Zəngəzur dəhlizi” ifadəsini işlədib və özü bu barədə danışıb. Belə olan halda Zaxarova o ifadədən necə imtina edə bilər? Bir də ki, Sünik vilayətində Zəngəzur mis-molibden zavodu fəaliyyət göstərir. Belə olan halda Zəngəzur ifadəsindən Rusiya necə imtina edə bilər?
“İndi Zaxarova ona görə dəhliz sözünü danır ki, bununla Ermənistanın könlünü almaq istəyirlər”
Məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov hesab edir ki, Zaxarova öz aləmində incə oyun oynayır: “Əvvəla, Putin “Zəngəzur dəhlizi” ifadəsini işlədib. 10 noyabr 2020-ci il razılaşmasının 9-cu bəndi, prinsipcə, dəhlizlə bağlıdır. Düzdür, orada konkret olaraq “Zəngəzur dəhlizi” ifadəsi yazılmayıb. Ancaq maneəsiz gediş-gəliş həm də dəhlizi özündə ehtiva edir. Doqquzuncu bənd həm də onu özündə ifadə edir ki, oradan keçən yolun mühafizəsinə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət edəcək. İndi Zaxarova ona görə dəhliz sözünü danır ki, bununla Ermənistanın könlünü almaq istəyirlər. Guya bu, hardasa Ermənistanın mövqeyinə müsbət təsir edəcək və onlar Moskva ilə münasibətlərə yenidən baxacaqlar. Bu bədbəxtlər anlamırlar ki, ermənilər artıq öz seçimlərini ediblər. Və bu seçim Qərbə doğrudur. Nə “Zəngəzur dəhlizi” sözünü danmaları, nə də digər məsələlər Ermənistanı öz seçimindən döndərəcək. Ermənistan artıq Qərbin qucağına sığınır. Rusiya hakimiyyəti yaxşı bilir ki, ermənilər onları satıb. Sadəcə, məsələni Paşinyan üzərində fokuslayaraq bunu etiraf etməkdən yayınırlar. Yanaşma belədir ki, Paşinyan hakimiyyətinin siyasəti, guya erməni xalqının seçimi deyil. Əgər belə olmasaydı Paşinyan müharibədən sonra böyük səs çoxluğu ilə seçilməzdi. O baxımdan, istənilən halda bu, nəyisə dəyişə bilməyəcək”.
Vidadi ORDAHALLI