Lemkin İnstitutu bu ucuz yolla cani Vardanyanı Bakı türməsindən çıxarmaq istəyir...
Akif Nağı: “...Böyük məbləğ müqabilində Vardanyanın sifarişi verilib ki, o başqa separatçılardan fərqləndirilsin”
Mənşəyi məlum olmayan qondarma Lemkin İnstitutu Azərbaycana qarşı çirkin kampaniyadan heç cür əl çəkmək istəmir. İkinci Qarabağ müharibəsi dövründən başlayaraq antiazərbaycan mövqeyi sərgiləməkdə davam edən bu qərəzli institut ölkəmizə qarşı hər cür şər-böhtan atır.
Bu günlərdə isə yeni bir bəyanat yayıb və həmin bəyanatda bir detal xüsusi olaraq qeyd edilib. Bəyanatda iddia edilir ki, hazırda Bakıda saxlanılan Qarabağ separatçılarının içində Ruben Vardanyana xüsusilə böyük nifrət var. Artıq məhv olmuş “Arsax”ın keçmiş “dövlət nazirinə” nifrət daha şiddətlidir. Separatizm cinayətlərinə görə həbs olunan və Bakıda türmədə saxlanılan erməni separatçılarına münasibətdə hər hansı bir fərqlilikdən danışmaq olarmı? Azərbaycan cəmiyyətində onlara fərqli yanaşmalardan danışmaq nə dərəcədə düzgündür?
Azərbaycan cəmiyyəti onların hamısına Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətmiş şəxslər kimi baxmırmı?
Eskeprt rəyinə keçməzdən əvvəl qeyd edək ki, onlar hamısı Azərbaycan xalqına qarşı ağır cinayətlər törətdikləri üçün onlara eyni münasibət bəslənir, hamısının hüquqi müstəvidə cəzalandırılması vacibdir. Vardanyanın onlardan fərqləndirildiyi ilə bağlı iddia tamamilə absurddur. Azərbaycan cəmiyyətinin həbsdə olan sepratçılara bir münasibəti var - onlar hamısı hüquqi müstəvidə cəzalandırılmalıdır. Çünki onlar Azərbaycana qarşı cinayətlərə yol verib, genosid törədiblər, əlləri qana batıb, ərazi bütövlüyümüzü pozublar. Onlara mübasibət hüquqi müstəvidə cinayətkara olan münasibətdir, ayrıseçkilik və fərq yoxdur.
Lemkin İnstitutu Vardanyana qarşı guya daha kəskin nifrətin olduğu iddiasını ortaya atmaqla, bu məsələni qabartmaqla əslində onun həyatını xilas etmək, həbsdən çıxarmaq istəyir. Guya ona qarşı daha aqressiv münasibət var və burada qalsa onu öldürəcəklər. Əslində onlar Vardanyanın uğursuz bir lobbiçiliyini aparırlar. Halbuki, Azərbaycanda nifrət nöqteyi-nəzərindən onların heç birinə fərqli münasibət yoxdur, hamısına Azərbaycan cəmiyyəti cinayətkar kimi, ölkəmizin ərazi bütövlüyünü pozan separatçılar kimi baxır.
“Azərbaycan cəmiyyətinin Ruben Vardanyana münasibəti digər canilərə münasibətindən fərqlənmir, onlar hamısı separatçıdır, cinayətkardır”
Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Qərb müxtəlif yollarla Bakıda həbsdə olan canilərə bəraət qazandırmağa çalışır, bunu da siyasi aksiyaya çevirmək istəyirlər: “Çalışırlar ki, ermənilərin müdafiəçisi rolunda çıxış etsinlər, onu da müxtəlif yönlərdə nümayiş etdirirlər. Xüsusən də Bakıda həbsdə olan separatçılarla bağlı bu cür absurd iddialar irəli sürürlər. Onların hər biri canidir, Azərbaycan xalqına qarşı bu və digər formalarda cinayətlərdə iştirak ediblər. Bunun da başqa adı yoxdur, buna başqa ad verməyə də cəhd göstərməməlidirlər. Ona görə də Qərb instuitutları ənənəvi olaraq ikili standartlar mövqeyindən çıxış edirlər. Əgər onlar dedikləri demokratik prinsiplərdən çıxış edirlərsə, bu cinayətkarlarla bağlı eyni mövqedən çıxış etməlidirlər. Amma bu başqa məsələlərdə də, bu situasiyada da görünmür. Onlar üçün ədalət, haqq, obyektivlik tamamilə arxa plandadır. Özlərinin maraqları var və bu maraqlara uyğun da hərəkət edirlər. Bütövlükdə, ermənilərdən və Ermənistandan öz siyasətləri, öz maraqları üçün alət kimi istifadə edirlər. Məsələnin mahiyyəti budur. Ona görə də bəzi məsələləri detallaşdırırlar. Vaxtaşırı olaraq ayrı-ayrı təşkilatların, dövlətlərin mövqeyində bu separatçılarla, hərbi canilərlə, terrorçularla bağlı ayrıntılar etməyə çalışırlar. Yaxud ümumi şəkildə erməniləri müdafiə edəndə bunu da ayrıca bir bənd kimi ortaya qoymağa çalşırlar və Azərbaycanı əsassız olaraq ittiham edirlər. Burada bir neçə məqsəd var. Bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Eyni zamanda erməni lobbisinin pullarını ələ keçirmək niyyəti də var. Bunların heç biri, təbiidir ki, özbaşına baş vermir, onlara verilən sifarişi yerinə yetirməyə çalşırlar.
Lemkin İnstitutu deyilən təşkilat da ara-sıra bu cür “fərqli mövqe” nümayiş etdirməyə çalışır, bunların elə bir ciddi rolu yoxdur. Azərbaycan cəmiyyətinin Ruben Vardanyana da münasibəti digər canilərə münasibətindən fərqlənmir, onlar hamısı separatçıdır, cinayətkardır”.
A.Nağının sözlərinə görə, bu qurum bir müddət əvvəl də Azərbaycan-Ermənistan münasibəıtləri ilə bağlı “fərqli” münasibət ortaya qoymağa cəhd edirdi, bununla gündəmə gəlməyə çalışırdılar. Lemkin İnstitutunun R.Vardanyan məsələsində də “orijinallıq” göstərməyə çalışdığını deyən A.Nağının qeyd etdiyinə görə, onlar heç nəyə nail ola bilməyəcək: “Belə görsənir ki, Vardanyanla bağlı sifariş xüsusi olaraq verilib. Təbii ki, Lemkin İnstitutunun Vardanyanı bu şəkildə müdafiə etməsi, onu başqa canilərdən fərqləndirməyə cəhd göstərməsi təmənnasız deyil, bunun arxasında maddi maraqlar dayanır. Bilirsiz ki, Vardanyanın varidatının o birilərinin var-dövlətindən çox olduğu barədə məlumatlar var. Ola bilər ki, onun vəkilləri, yaxud yaxınları hərəkətə keçiblər, ortaya daha çox vəsait qoyulub. Digər beynəlxalq qurumların və Lemkin İnstitutunun qarşısına görsənir ki, daha böyük vəsaitlər qoyulur, bu səbəbdən də Vardanyanı başqa canilərdən fərqləndirməyə çalışır. Məsələnin bu tərəfi diqqətdə olmalıdır. Bu sifarişin hardan gəldiyini Azərbaycanın xüsusi xidmət orqanları, Xarici İşlər Nazirliyi diqqətlə araşdırmalıdır. Təbii ki, hər hansı bir işi nə qədər gizlin görsələr də, müəyyən izləri ortada olur. Çox böyük ehtimalla, böyük məbləğ müqabilində Vardanyanın sifarişi verilib ki, o başqa separatçılardan fərqləndirilsin, guya ona daha çox nifrətin olduğu haqda düzməcə məlumat yayılsın. Digər tərəf bundan ibarətdir ki, onlar məsələnin əsl mahiyyətinin üzərindən keçmək istəyirlər. Lemkin İnstitutu da, başqaları da bu mövqedən çıxış edirlər. Onlar guya belə təsəvvür yaratmağa çalışırlar ki, onu etdiyi cinayətə görə yox, Azərbaycanda ona olan mənfi münasibətə görə saxlayıblar.
Bilirsiz ki, bu yaxınlarda separatçıların məhkəmə prosesi başlayacaq. Bu baxımdan onların fəallaşması təsadüfi deyil. Məsələnin mahiyyətini təhrif etməyə çalışırlar. O təşkilat və başqa təşkilatlar obyektiv olsaydılar, bu separatçıların Azərbaycan xalqına qarşı cinayətlərini ortaya qoyardılar. Amma onlar cinayətkarların cinayətlərini arxa plana keçirib Azərbaycan cəmiyyətini ittiham etməyə çalışırlar ki, guya bu separatçıların timsalında Azərbaycanda ermənilərə qarşı nifrət var. Bununla da məhkəmə prosesini obyektivlikdən uzaqlaşdıraraq bu cür “ermənifobiya” müstəvisinə keçirməyə çalışırlar”.
A.Nağının qeyd etdiyinə görə, məhkəmə prosesi ərəfəsində həm mediada iş aparılmalıdır, həm beynəlxalq təşkilatlar məlumatlandırılmalıdır, həm də beynəlxalq rəyə yeridilməlidir ki, onlar Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər səbəbindən həbs ediliblər, burada hər hansı bir başqa məsələ yoxdur.
İradə SARIYEVA