Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcək
Azərbaycan və Ermənistan parlament sədrləri arasında Cenevrədə görüş keçiriləcək. Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Sahibə Qafarova və Alen Simonyan bu gün görüşəcəklər.
Qeyd edək ki, bu yaxınlarda Parlamentlərarası İttifaqın (PAİ) baş katibi Martin Çunqonq Trend-ə özəl müsahibəsində mart ayında Cenevrədə Azərbaycan-Ermənistan parlamentlərarası dialoq platformasının yaradılması üzrə müzakirələrin aparıla biləcəyini deyib.
Onun sözlərinə görə, regiondakı son hadisələr və Azərbaycanın qonşuları ilə münasibətləri barədə məlumatlı olan PAİ bütün dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün yaradılmış təşkilat olaraq, tərəflərlə qeyri-sabitliyə səbəb ola biləcək problemləri dialoq yolu ilə həll etməyin yolları barədə müzakirələr aparmağı zəruri hesab edir.