"Azərbaycan Qlobal Şimal və Qlobal Cənub arasında konsensus əldə etmək üçün COP29-da mümkün olan hər şeyi edəcək" - Hikmət Hacıyev
Azərbaycan Qlobal Şimal və Qlobal Cənub arasında konsensus əldə etmək üçün COP29-da mümkün olan hər şeyi edəcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "China Global Television Network"a (CGTN) müsahibəsində deyib.
"Fürsətdən istifadə edərək Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) COP28-də əldə olunan nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Biz çox sıx əməkdaşlıq edirik və onların təcrübəsi də bizim üçün vacibdir. Azərbaycan fəaliyyətimizin ardıcıllığını və sinxronlaşdırılmasını təmin etmək üçün "COP Troykası" konsepsiyasına təşəbbüs göstərib", - o deyib.
Prezidentin köməkçisi Azərbaycanda keçiriləcək COP29-da iqlim maliyyələşdirməsinin gündəmdə olacağını qeyd edib.
"Bilirik ki, bu çox mürəkkəb mövzulardan biridir. Lakin bizə bütün tərəflərin konsensusu lazımdır. Azərbaycan Qlobal Şimal və Qlobal Cənub arasında konsensus əldə etmək üçün mümkün olan hər şeyi edəcək. Vurğulamaq istəyirəm ki, Qlobal Cənub ölkələrinin fikirləri də dinlənməlidir. Xüsusilə Qlobal Cənub, inkişaf etməkdə olan və ya nisbətən az inkişaf etmiş ölkələr problem və çətinliklərlə üzləşir. Maliyyələşdirmə, maliyyə resursları əsas faktorlardır. Hesab edirik ki, biz bu istiqamətdə strateji üstünlüyə malikik. Çünki Azərbaycan inkişaf etməkdə olan ölkədir, Qoşulmama Hərəkatına uğurla sədrlik edib və G77+Çin qrupunun üzvüdür. Azərbaycan həmçinin, bir sıra Avropa institutlarının üzvüdür. Düşünürəm ki, bu müxtəlif platformalar bizi Qlobal Şimal və Qlobal Cənub arasında konsensus və anlaşma, eləcə də böyük həmrəylik əldə etmək üçün vasitələrlə təmin edəcək", - o deyib.
H.Hacıyev COP danışıqlarının diplomatik nöqteyi-nəzərdən ən mürəkkəb danışıqlardan biri olduğunu vurğulayıb.
"Burada biz inklüziv yanaşmanı rəhbər tutmalıyıq", - deyə o əlavə edib.
Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib. Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.