Paşinyan 4 kəndimizin məsələsini delimitasiyadan sonraya saxladı - "qaytarmıram" deməkdir...
Emin Həsənli: “Paşinyan həmin 4 kənddən alver predmeti kimi istifadə etmək istəyərək qarşılığında nəsə qazanmaq istəyir”
Ermənistan Nazirlər Kabineti Azərbaycanın anklav olmayan 4 kəndini (Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri) tələb etməsi ilə bağlı yerli medianın sorğusunu cavablandırıb.
Ermənistan Baş nazirliyi görüşlərdən sonra iki ölkə tərəfindən təsdiq edilmiş iş proseduruna uyğun olaraq, rəsmi press-relizlərdən kənarda dəqiqləşdirmələrə və şərhlərə icazə verilmədiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, son görüşdə bu məsələ ilə bağlı başqa razılıq əldə olunmayıb:
“Ermənistan üçün məqbul yanaşma qanuni qüvvəyə malik hüquqi sənədlər əsasında bu ərazilərin delimitasiyası və demarkasiyasına yanaşmadan çıxış edərək, sonradan eksklavlar/anklavlar məsələsinə baxılmasıdır”.
Yəni bütün bunlar Ermənistanın dolayısı ilə “kəndləri qaytarmıram” demək istəməsi anlamına gəlirmi?
Hərbi-siyasi şərhçi Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ötən həftə parlamentdə Nikol Paşinyan deputatlarla görüşündə ilk növbədə Azərbaycanın qaytarmağı tələb etdiyi Tavuşun dörd kəndindən danışıb.
Paşinyanın əvvəllər dediyi kimi səkkiz yox, dörd kənddən danışmasını erməni mənbələri belə izah edir ki, adıçəkilən dörd kəndin coğrafi mövqeyi onların qaytarılmasında problem yaratmır. Qalan kəndlər, o cümlədən Ermənistanın digər hissəsini əslində cənubla birləşdirən Kərkidən fərqli olaraq Paşinyan mərhələli təslim proqramı ilə həyata keçirmək istəyirdi. Ancaq açıqlanan rəsmi mövqedən görünür ki, onlar prosesi sərhədlərin dəqiqləşməsindən sonraya saxlamaq istəyirlər. Bu, necə ola bilər? Həmin kəndlərin verilməsi elə sərhədlərin dəqiqləşməsinin ən vacib elementidir. Əslində, Nikol Paşinyan Azərbaycanın tələb etdiyi 4 kəndi geri qaytarmağa hazırdır, ancaq bunun qarşılığında Azərbaycan Ordusunun sərhəddəki strateji yüksəklikləri tərk etməsini istəyib. Bu da mümkün deyil.
Nikol Paşinyan böyük ehtimalla 4 kəndlə bağlı araşdırma aparıb və onun üçün hazırlanan hesabatla tanışdır. Həmin kəndlər boşdur və Ermənistan üçün elə də əhəmiyyəti yoxdur. Azərbaycanın digər ərazilərinə bitişik 4 kəndin geri qaytarılması Ermənistanın özü üçün faydalıdır ki, danışıqlarda müsbət atmosfer formalaşacaq.
Buna baxmayaraq, Paşinyan həmin 4 kənddən alver predmeti kimi istifadə etmək istəyərək qarşılığında nəsə qazanmaq istəyir”.
Məhəmmədəli QƏRİBLİ