İrəvan razıyam deyir, ancaq qaytarmır...
“O ki qaldı işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir. Yəni bizim mövqeyimiz bundan ibarətdir”.
Bu fikirləri hələ cari ilin yanvarında prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
Hazırda proseslərin inkişaf axarı Azərbaycanın anklav olmayan 4 kəndinin yaxın tezlikdə qaytarılacaını göstərir. Söhbət Qazaxın işğal altında qalan 7 kəndindən 4-nün – anklav olmayan Bağanis Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimlinin qaytarılmasından gedir. Indi bu, Bakı-İrəvan müzakirələrində ən aktual mövzulardan birini təşkil edir. İndi Ermənistanda da rəsmi dairələr və media bu məsələyə köklənib, ermənilərin ümumi ictimai rəyinə görə, kəndlər qaytarılacaq. Beləliklə, 4 kənd birinci mərhələdə qaytarılır, digər 4 kənd – Qazaxın anklav olan 3 kəndi - Sofulu, Yuxarı Əskipara və Barxudarlı, Sədərəyin Kərki kəndinin qaytarılması ikinci mərhələdə müzakirə olunur. Ermənistan parlamentinin müxalif “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan da bu mövzuya toxunub və “Hayeli” klubunda çıxışında deyib ki, birinci mərhələdə 4 kəndi, sonra digərlərini - Tavuş ərazisində olan 3 və Kərki kəndini qaytaracaqlar. O, bunun nəticəsində Lorinin sərhəd ərazisinə çevriləcəyini də vurğulayıb. Danielyanın sözlərinə görə, bu kəndlər strateji əhəmiyyət daşıyır və Ermənistanın şimal və cənub çıxışı üzərində olmaqla yanaşı, həm də Rusiyadan gələn qaz kəməri bu kəndlərin ərazisindən keçir. Erməni rejissor Ruben Mxitaryan da vurğulayır ki, Nikol Paşinyan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyəndə, 8 kəndi də onun tərkibində nəzərdə tutub: “İndi hər yerdə qaçılmaz müharibədən danışır, ictimaiyyəti depressiyaya salırlar. Sonra fraksiyanın qapalı iclasını keçirib təmin etdilər ki, 4 kənd verilərsə, müharibə olmayacaq. Doğrudan da sadə, mütəşəkkil əməliyyat aparırlar”. Daha əvvəl Qazaxla sərhəd olan Tavuş rayon qubernatoru Ayk Qalumyan rayonda Azərbaycana aid kəndlərin olduğunu təsdiqləmişdi. Bir müddət öncə isə Azərbaycanın işğalda olan kəndlərinə daxil olmağa çalışan iki erməni silahlı şəxs saxlanılmış, onlara bu kəndlərin azərbaycanlılara aid olduğu bildirilmiş, bir daha bu kəndlərə girməmək şərti ilə azadlığa buraxılmışdılar. Bakı mövqeyində qətidir. Martın 7-də sərhəddə keçirilən görüşdən sonra Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın açıqlamasından aydın olur ki, Azərbaycan anklav olmayan 4 kəndin dərhal azad edilməsini tələb edir. Ermənistanla delimitasiya üzrə komissiyaya rəhbərlik edən baş nazirin müavini Şahin Mustafayevin adından yayılan rəsmi məlumatda da 4 kənd tələbi təsdiq edilir. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin xidmətinin yaydığı məlumatda deyilir ki, son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır: “Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan Respublikası özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir. Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların işğal edildiyini bəyan etmək tamamilə əsassızdır. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir. Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq”.
Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü Kristine Vardanyan qeyd edir ki, Bakı istəyinə nail olacaq: “Nikol Paşinyan 86 min 600 kvadrat kilometr ərazidə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Azərbaycanın tələb etdiyi kəndlərin həmin əraziyə daxil olduğunu bəyan edəndə, anklavlar məsələsi gündəmə gəldi. Biz Tavuşda olduq və mən iki il ərzində ictimai əhval-ruhiyyənin dəyişdiyini qeyd edə bilərəm. Əgər 2021-ci ildə insanlar sadəcə olaraq Tavuşdan kəndlərin təhvil verilməsi ilə bağlı gündəmin ola biləcəyinə inanmırdılarsa və ictimai xadimlərə, siyasətçilərə və jurnalistlərə bunun düşmənçilik gündəminin yayılması olduğu ilə bağlı çox kəskin cavab verirdilərsə, indi Tavuşda kəndləri təhvil vermək mövzusunun düz olub-olmadığını müzakirə etmirlər, bu kəndləri necə qorumağı müzakirə edirlər. Yəni insanlar dövlətsiz qalıb. Dövlət nəinki yoxdur, dövlətin nümayəndələri gedib kəndləri təhvil verməyə razılaşırlar”. Erməni deputat əlavə edib ki, Tavuşdan kəndlər verilsə, İrəvan-Tiflis yolu yararsız hala düşəcək. Məsələ ilə bağlı Ermənistanın “Qraparak” nəşri yazır: “Daha əvvəl yazmışdıq ki, parlamentdə Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” fraksiyası ilə görüşündə Azərbaycanın ilk növbədə ona verilməsini tələb etdiyi Tavuşun 4 kəndindən danışıb. Münhendə də həmin məsələ ilə bağlı müzakirələr aparılıb. Paşinyan komanda yoldaşları ilə danışarkən vurğulayıb ki, Kərki onların sırasına daxil deyil, hamısı Tavuş bölgəsindədir. Beləliklə, söhbətin hansı 4 kənddən getdiyi məlumdur: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı”. Azərbaycan tezliklə bu kəndlər üzərində nəzarətini bərpa edəcək.
Samirə SƏFƏROVA