Masallı polisi məktəblilərə narkotik bəlasının fəsadlarından nələr danışdı...
Təəssüflə qeyd etməliyik ki, dünyada, eləcə də respublikamızda “ağ ölüm” kimi tarixə düşən narkomaniyaya meylliliyin artdığı açıq-aşkar görünür. Sağlam gələcək naminə gənc nəsli bu zərərli vərdişdən çəkindirmək üçün hazırda müasir yanaşmaların tətbiqi olduqca vacibdir. Bununla bərabər, dəhşətli bəlaya qarşı mübarizə aparmağı ölkədə hüquq-mühafizə orqanları ilə birlikdə hər bir vətəndaş özünün mənəvi borcu bilməlidir. Ən əsası, yeni nəslin yetişdiyi təhsil ocaqlarında maarifləndirmə və təbliğat işləri müntəzəm olmalıdır. Masallı polisi də gəncləri “ağ ölüm”ün pəncəsindən uzaq salmaq məqsədilə rayonun təhsil ocaqlarında tez-tez təbliğat xarakterli tədbirlər təşkil edir. Rayon Polis Şöbəsinin təşkilatçılığı sayəsində növbəti belə görüş şəhər 1 saylı tam orta məktəbində baş tutdu. Məktəbin şagird və müəllim kollektivin, valideynlərin qatıldığı tədbirdə əsas məqsəd narkomaniya, onun fəsadlarının qarşısının alınması, yeniyetmə və gənclərə bütün bəşəriyyəti düşündürən, insan həyatını məhv doğru aparan zərərli bəla barədə ətraflı məlumat vermək idi.
Tədbirdə iştirak edən Masallı Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis kapitanı İxtiyar Talıbov narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyətin gələcəyi, insanların sağlamlığı üçün yaratdığı problemlərdən, səbəb olduğu faciələrdən danışaraq dedi: - Məktəbdə uşaqların təlim-tərbiyəsinə, oxumasına, vətənpərvər böyüməsinə xüsusi diqqət verilməli, onların idmana cəlb olunması üçün maraqlı yarışlar təşkil edilməlidir. Tüfeyli həyat tərzi narkomaniyanın yayılması, eləcə bununla bağlı patologiyaların əmələ gəlməsi üçün əsas mənbədir. Əsrin bəlası ilə mübarizədə həyata keçirilən digər tədbirlərlə yanaşı, maarifləndirmə işləri də böyük əhəmiyyətə malikdir.
Həmçinin digər iştirakçıların çıxışları dinlənildi, məktəbliləri mövzu ilə bağlı düşündürən suallar isə polis kapitanı İxtiyar Talıbov tərəfindən öz düzgün cavablarıni tapdı.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü