Region mediasının inkişaf konsepsiyasına ehtiyac var...
Şakir Ağayev: “Region mediasının inkişafı ilə bağlı ayrıca konsepsiyanın hazırlanması reallaşarsa, bu çox böyük effekt verər”
Azərbaycan mediası yalnız Bakını əhatə etmir, bölgələrdə, rayon və digər şəhərlərdə də qəzetlər, saytlar fəaliyyət göstərir. Bildiyimiz kimi, region mediasının inkişafı, onun dirçəlməsi, ümummedia axınına tam gücü ilə qoşulması üçün ayrıca addımlar atılmalıdır.
Təbii ki, Media haqqında qanun buna geniş imkanlar açır. Bu gün region mediasının inkişaf etdirilməsi yolları mediada geniş müzakirə edilir, müxtəlif təklif və fikirlər var. Region mediasının inkişafı ilə bağlı yeni qanun əsasında inkişaf konsepsiyasının hazırlanması, rayonlarda Mətbuat Evlərinin açılması kimi ideyalar, təkliflər ekspertlər, jurnalistlər tərəfindən mətbuatda səsləndirilir. Təkliflər də bir daha təsdiqləyir ki, region mediasının inkişaf konsepsiyasına ehtiyac var.
“Verilən ideya və təkliflər hamısı yaxşıdır və faydalıdır”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün bölgə mətbuatının durumu ürəkaçan deyil: “Artıq bölgə mətbuatına diqqət yetirilməyə başlanılıb. Bu bir günə, beş günə həll edilən məsələ deyil. Amma bu istiqamətdə addımların atılması, müzakirələrin aparılması çox müsbət haldır. Region mediasının inkişafı ilə bağlı ayrıca konsepsiyanın hazırlanması reallaşarsa bu çox böyük effekt verər. Eyni zamanda Mətbuat Evlərinin açılması, maddi dəstəyin göstərilməsi kimi məsələlər region mediasının həyatında öz müsbət rolunu oynayacaq”.
Ş.Ağayev qeyd edir ki, media təmsilçilərinin, jurnalistlərin, ekspertlərin region mediası ilə bağlı verdiyi bütün ideya və təkliflər nəzərdən keçirilməli və reallaşdırılmalıdır. Region mediasının inkişafına ciddi ehtiyac olduğunu deyən Ş.Ağayev hesab edir ki, rayon və şəhərlərdə fəaliyyət göstərən media orqanları da həmin bölgədə baş verən bütün prosesləri, insanları maraqlandıran hadisələri, regionların inkişafını, problemlərini işıqlandırmalıdır. Bir sözlə, həmin media orqanlarının bölgələrin səsinə çevrilməli olduğunu deyən Ş.Ağayev qeyd etdi ki, bu mətbuat regionun üzü, siması, güzgüsü olmalıdır. “Region mediası özünə maraq oyatmalıdır, eyni zamanda da insanların müraciət ünvanına çevrilməlidir. Onlar elə fəaliyyət göstərməlidirlər ki, insanlar onlara maraq göstərsin. Hesab edirəm ki, region mediasının inkişaf etdirilməsi ilə bağlı verilən ideya və təkliflər hamısı yaxşıdır və faydalıdır. Region mediasına lazımı dəstək verilirsə, onlara hər cür şərait yaradılırsa, onlar da oxucunu cəlb etmək, onu maraqlandırmaq haqda düşünməlidir. Əgər o marağı yarada bilməsələr hər şey müvəqqəti xarakter daşıyacaq. Region insanlarının özlərinin də oradakı mətbuatın inkişafında marağı olmalıdır, mənəvi dəstək göstərməlidirlər, qəzet almalıdırlar. Mətbuatın da onların problemlərinin qaldırılmasında, müəyyən dövlət qurumlarına çatdırılmasında fəaliyyəti olmalıdır. Onlara hər cür şərait yaradılmalıdır ki, insanlar region mətbuatının olduğunu, fəaliyyətini görsünlər. İnsanlar görər ki, belə bir mətbuat var və o mətbuat da onların problemlərinin həlli ilə maraqlanır. Bu halda region mediasının inkişafından danışmaq olar. Respublika üzrə mətbuat IV hakimiyyət rolunu oynamalıdır”.
Ş.Ağayevin sözlərinə görə, informasiya almaq üçün müasir texnologiyaların, sosial şəbəkələrin olduğu bir vaxtda region mediasının özünün də oxucuları cəlb etməsi üçün cəhdləri, maraqlı ideyaları olmalıdır. “Mətbuatın oxucusu olmalıdır. Mətbuatın oxucusu yoxdursa, nə qədər yaxşı konsepsiya hazırlansa da, nə qədər maddi yardım göstərilsə də, media orqanlarının maddi-texniki bazası gücləndirilsə də, bunlar müvəqqəti xarakter daşıyacaq. Bu işin uğurlu nətcəsi üçün oxucu amili mütləqdir” - deyə bildirən Ş.Ağayev ümid edir ki, bölgə mediası öz oxucusunu tapacaq və səmərəli fəaliyyəti ilə diqqət çəkəcək, öz sözünü deyəcək.
İradə SARIYEVA