Ərzaq bazarımıza fransız malları daşıyan iş adamlarının milli təəssübkeşliyi varmı...
Akif Nəsirli: “Elə təbliğat aparılmalıdır ki, əhali fransız məhsullarından imtina etsin”
Məlum olduğu kimi, Ermənistan Fransa ilə hərbi sahədə əməkdaşlığı genişləndirir. Fransa Ermənistandan istifadə edərək Cənubi Qafqaza müdaxilə etmək istəyir. Ümumiyyətlə, son zamanlar Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi hər kəsə bəllidir.
O da məlumdur ki, bu gün Azərbaycan bazarında Fransa istehsalı olan məhsullar yetərincədir. Xüsusilə də ərzaq bazarında.
Maraqlıdır, Fransa istehsalı ərzaq məhsullarının ölkə bazarında çəkisi təxminən nə qədərdir? Fransa istehsalı məhsullardan Azərbaycanın imtinası mümkündürmü? Adıçəkilən ölkənin məhsulları Azərbaycan bazarından yığışdırılarsa, bu, ərzaq bazarına necə təsir edə bilər?
“Fransadan Azərbaycana məhsul idxal olunmaması heç bir problemə səbəb olmayacaq, çünki…”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Fransanın Azərbaycana ərzaq idxalı elə də çox deyil: “Azərbaycan ərzaq bazarında Fransa məhsulları təxminən 10 faizin altındadır. Bu isə o deməkdir ki, Fransadan Azərbaycana məhsul idxal olunmaması heç bir problemə səbəb olmayacaq. Çünki Fransadan idxal olunan məhsullar digər ölkələrdən də gətizdirilə bilər”
A.Nəsirli hesab edir ki, Fransadan ərzaq idxalının dayandırılması məsələsi nümayişkaranə şəkildə edilməməlidir. Bu addımı ilk növbədə media etməlidir. Media elə bir təbliğat aparmalıdır ki, cəmiyyət Fransa məhsullarından imtina etsin. Əhali bu ölkənin məhsullarını almazsa məsələnin digər hissəsi özü-özünə həll ediləcək: “Bu gün istehlakçı market, bazarda fransız məhsulunu görüb, onu kənara itələyib, almasa həmin ölkədən ərzaq idxalı dayanacaq. Elə təbliğat aparılmalıdır ki, əhali fransız məhsullarından imtina etsin. Beləliklə, Fransa öz siyasi mövqeyinin bədəlini iqtisadiyyatdan alacaq”.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan hökuməti belə bir qərar qəbul etsə, bu, beynəlxalq hüquq və qaydalara zidd olar. Bu səbəbdən də cəmiyyət o ölkənin məhsullarından imtina etməlidir. Əhali imtina etdikdən sonra idxal dayandırılacaq: “Belə olarsa heç kim bizə irad tuta bilməz. Hökumət rəsmiləri bəyan edər ki, Azərbaycan əhalisi Fransa məhsullarını istəmir, ona görə idxal dayanır”.
Günel CƏLİLOVA