Avropa İttifaqı Azərbaycan qazına əlavə vəsait qoyuluşuna mane olur...
Vüqar Bayramov: “Məsələnin kökündə dayanan faktorlar iqtisadi yox, siyasi amillərlə əlaqədardır”
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Buxarestdə keçirilən 6-cı Rumıniya Beynəlxalq Qaz Konfransında (RIGC 2023) çıxış edərkən bir sıra vacib məqamlara toxunub.
O bəyan edib ki, Macarıstan gələcəkdə Azərbaycan, Qətər və Türkiyədən böyük həcmdə qaz almağı planlaşdırır, lakin regionda boru kəmərinin gücü bunun üçün yetərli deyil. XİN başçısı bildirib ki, qaz kəmərlərinin ötürmə qabiliyyətini artırmaq üçün əlavə vəsait lazımdır, lakin Cənub-Şərqi Avropa ölkələri üçün onları tapmaq çətindir və Avropa Komissiyası bu təşəbbüsün maliyyələşdirilməsi sorğusunu təsdiqləməkdən imtina edir. Bu səbəbdən, onun fikrincə, “şaxələndirməyə ən böyük əngəl Brüsselin özü və bəzi Aİ üzvləridir”.
Burada diqqəti çəkən məqam odur ki, ilk dəfə ən yüksək səviyyədə və rəsmi olaraq bəyan edilir ki, Avroittifaq qaz kəmərlərinin ötürmə qabiliyyətini artırmaq üçün vəsait ayırmaqdan imtina edir.
Maraqlıdır, Aİ niyə bununla bağlı vəsait ayırmaq istəmir?
“Çox təəssüflər olsun ki, bəzi Avroittifaq ölkələrinin Azərbaycana qərəzli münasibəti üzündən vəsait ayrılmır”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini daha çox siyasi motivlərlə əlaqələndirdi: “Əvvəla, Macarıstan Azərbaycanla yaxından əməkdaşlıq edən ölkələrdən biridir. Nəzərə almaq lazımdır ki, Azərbaycan artıq Avropada 7 dövlətin enerji təhlükəsizliyinə töhfə verir. Bu baxımdan təbii ki, Macarıstanla əməkdaşlığı gücləndirmək mühüm əhəmiyyət kəsb edir. Bu, Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha yaxından töhvə verəcək. Ancaq bütün bunlarla yanaşı, təəssüf ki, Avroittifaqda bəzi dövlətlər Azərbaycanın bu qurumla əməkdaşlığına xələl gətirməyə çalışırlar. O cümlədən, Avropa İttifaqının bəzi qurumları qərəzli qətnamələr qəbul etməklə, saxta kampaniya aparmaqla münasibətlərə kölgə salmağa çalışırlar. Halbuki, Azərbaycan bütövlükdə regionun təhlükəsizliyinə töhfə verən ölkədir. Xüsusən də Avropanın enerji təhlükəsizliyinə töhfə vermək üçün ardıcıl işlər görür. Çox təəssüflər olsun ki, bəzi Avroittifaq ölkələrinin Azərbaycana qərəzli münasibəti üzündən vəsait ayrılmır. Yoxsa bu dərəcədə yubanma olmazdı. Ona görə də məsələnin kökündə dayanan faktorlar iqtisadi yox, siyasi amillərlə əlaqədardır. Ancaq hesab edirəm ki, bununla bağlı çıxış yolu tapılacaq. Azərbaycanın Macarıstan və digər bu mövqedə olan ölkələrlə olan əməkdaşlığını gücləndirməsi ondan xəbər verir ki, Azərbaycanla Avroittifaq arasındakı enerji əməkdaşlığı növbəti illərdə yoluna düşəcək. Xüsusən də Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinə töhfə baxımından daha da genişlənəcək”.
Vidadi ORDAHALLI