Gələn il orta aylıq əməkhaqqı 980 manat olacaq...
2024-cü ildə iqtisadi artımın davam etməsi, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatda şəffaflığın artması, enerji məhsullarının, o cümlədən alternativ enerji məhsullarının ixracının və coğrafiyasının genişlənməsi, nəqliyyat daşımalarının intensivləşməsi üçün münbit sabit siyasi şəraitin mövcudluğu növbəti il üçün bizə yeni imkanlar vəd edir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin noyabrın 13-də keçirilən plenar iclasında deyib.
O bildirib ki, təqdim edilmiş layihədə baza ssenaridə 2024-cü ildə ümumi daxili məhsulun real artım tempinin 2,4 faiz, qeyri-neft-qaz ümumi daxili məhsulunun real artım tempinin isə 4,6 faiz olacağı, artımın əsasən qeyri-neft sektoru hesabına təmin ediləcəyi gözlənilir. Eyni zamanda, qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda payının 71,2 faizə, orta aylıq əməkhaqqının 980 manata çatacağı, orta illik inflyasiyanın 5,3 faiz təşkil edəcəyi, tədiyyə balansının cari əməliyyatlar hesabının və xarici ticarət balansının profisitlə olacağı proqnozlaşdırılıb. Növbəti ildə dövlət büdcəsinə hesablanan vergi və gömrük rüsumları üzrə daxilolmaların ümumi həcmi 19,8 milyard manatı keçəcək.
“Mərkəzi Bankın elan etdiyi proqnozlarda 2024-cü ildə ümumi daxili məhsulun 3,5 faiz, qeyri-neft-qaz sektorunda ÜDM-in 6 faiz artacağı göstərilir”, - deyə komitə sədri vurğulayıb.