AŞPA-da Rubinyançıların xüsusi fəallığı - Bakı ilə sülh prosesini belə pozdular...
Elşən Mustafayev: “Münasibətləri elə vəziyyətə saldılar ki, artıq Qərbin vasitəçiliyi qəbul olunmayacaq”
Ermənistanın Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) ölkəmizə qarşı növbəti düşmənçilik addımları bu ölkənin sülh və dialoqda maraqlı olmadığını bir daha nümayiş etdirib.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqləməməsinə ən çox çalışan nümayəndə heyəti elə Ermənistan parlamentinin vitse-spikeri və Ermənistan-Türkiyə normallaşma prosesində əsas şəxslərdən olan Ruben Rubinyanın rəhbərlik etdiyi heyət olub.
Daim sülh və dialoqdan danışan Rubinyan bu çirkin və məkrli kampaniya və addımları ilə sübut edib ki, onun bölgədə sülh və dialoq yaradılmasına çağırışlarının heç bir əsası yoxdur.
Artıq bəlli olur ki, Aərbaycana edilən bu təzyiqlərin başlıca məqsədi sülh prosesini pozmaq olub və bu məsələdə Ermənistanla Avropa strukturları bir xəritə üzrə hərəkət edirlər. Onlar bilir ki, bu cür ikili standartlardan doğan qərəzli yanaşmadan sonra Azərbaycan heç vaxt Avropanın vasitəçiliyinə səmimi yanaşa bilməz.
Ermənistanın xüsusi fəallığı ilə baş tutan bu olayın Cənubi Qafqazdakı sülh prosesinə təsiri necə oldu?
Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Qərb formatında müəyyən irəliləyiş əldə olunmasına çox çalışdı, amma buna nail olmadı: “Çünki Fransa-Ermənistan tandemi buna imkan vermədi. Sanki Avropa rəsmiləri də gündəliyi dəyişməkdə acizdirlər. Sanki Makrondan qorxurlar, ondan çəkinirlər, onunla üz-üzə gəlmək istəmirlər, Cənubi Qafqaza görə Fransa diplomatiyası ilə çəkişmələrdə olmaq istəmirlər.
Bu da aydındır niyə, ona görə ki, Fransa Avropa İttifaqında böyük gücə malikdir. Yaranmış vəziyyətdə digər meydançalar – Moskva və Vaşinqton meydançaları bizim üçün aktual olaraq qalır. Amerikanın səyləri keçən il kifayət qədər faydalı olub. Düşünmək olar ki, bu il də bu aktivlik davam edəcək. Amma bizə sadəcə aktivlik lazım deyil, bizə görüş sadəcə görüş xatirinə lazım deyil. Bizə məhsuldar görüşlər lazımdır, işlənmiş gündəlik əsasında olan gündəlik lazımdır.
Ermənistan sülh prosesində Rusiyanın iştirakını istəmir. Çalışır ki, danışıqlar əsasən Qərbin təşkilatçılığı ilə davam etsin. Azərbaycan da buna etiraz etmirdi. Ancaq Azərbaycanla münasibətləri elə vəziyyətə saldılar ki, artıq Qərbin vasitəçiliyi qəbul olunmayacaq. İrəvan belə destruktiv ritorikanı dəyişməyincə, 30 illik dönəmdəki kimi sülh danışıqlarını imitasiya etdikcə və havadarlarının diqtəsi ilə ikitərəfli dialoqdan qaçdıqca, sülh anlaşması da əlçatmaz olacaq. Böyük ehtimalla, ümidlər 2024-cü ilə bağlanıb. Axı bu, sülh ritorikası deyil, sülhün imitasiyasıdır, hətta özünüifşadır. Ermənistanın Hindistan və Fransadan aldığı silahlar ortada, üstəlik, rəsmi İrəvan silahlanma prosesini dayandırmaq niyyətində olmadığını etiraf edir”.
Məhəmmədəli QƏRİBLİ