Ermənistan mina xəritələri üzərində manipulyasiyalarını davam etdirir...
Mübariz Göyüşlü: “Bu kimi məsələlərlə bağlı ermənilərin yalançı vədləri onların səmimiyyətinə şühbə yaradır”
Məlum olduğu kimi, Ermənistan Azərbaycana 8 yeni mina xəritəsini təhvil verəcəyini vəd edib. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.
MTX yaxın günlərdə işçi kanallar vasitəsilə Azərbaycan tərəfinə minalanmış sahələr haqqında məlumatların yer aldığı 8 yeni xəritənin veriləcəyini açıqlayıb.
Danılmaz faktdır ki, Ermənistan tərəfindən vaxtilə işğal altında olan ərazilərdə yerləşdirilmiş minalar dinc əhali üçün təhlükə yaratmaqda davam edir.
Xatırladaq ki, 2020-ci ildən bu yana mina qurbanlarının sayı 342 nəfər təşkil edir.
Maraqlıdır, Ermınistan mina xəritələrinin verilməsi ilə bağlı vədinə bu dəfə əməl edəcəkmi?
“Ermənilər bu kimi önəmli məsələlərlə bağlı öncə razılıq verir, sonra icra etmək vaxtı gələndə müxtəlif bəhanə ilə yox olurlar”
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra münasibətlərin normallaşması üçün görməli olduğu işlərdən hər dəfə müxtəlif bəhanə ilə yayınıb: “Ermənilər heç zaman mina xəritələri ilə bağlı məsələdə üzərinə düşən işi icra etməyib. Məlumdur ki, onlar bir dəfə mina xəritələrini ölkəmizə təqdim edib. Ancaq o xəritələrin düzgünlüyü heç 25 faiz belə deyildi. Bu müddət ərzində 342 nəfər mina terrorunun qurbanı olub. Baş verən bu hadisələrdən sonra indi çıxıb deyirlər ki, düzgün xəritəni təqdim etmək istəyirik. Ancaq mən onların səmimiyyətinə inanmıram. Təqdim edəcəkləri xəritənin nə qədər düzgün olacağı şübhəlidir. Ümumiyyətlə, ermənilər bu kimi önəmli məsələlərlə bağlı öncə razılıq verir, sonra icra etmək vaxtı gələndə müxtəlif bəhanə ilə yox olurlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Birinci Qarabağ müharibəsi zamanı itkin və girov düşən şəxslərin taleyi ilə bağlı ermənilər düzgün məlumat vermir: “Ermənilər o şəxslərin taleyini açıqlamır, kütləvi şəkildə basdırdığı məzarın xəritəsini təqdim etmək istəmir. Bu kimi məsələlərlə bağlı ermənilərin yalançı vədləri onların səmimiyyətinə şühbə yaradır. Bu səbəbdən də təqdim edəcəkləri mina xəritəsinin nə dərəcədə dəqiq olacağı müəmmalıdır”.
Günel CƏLİLOVA