Vətən sevgisi...
Azərbaycan çoxəsrlik tarixində dəfələrlə işğala məruz qalsa da, məhz Vətənin qeyrətli övladlarının qətiyyəti və xalqın fədakar mübarizəsi nəticəsində, neçə-neçə igid övladını qurban verməklə dövlətçilik irsini və müstəqilliyini qoruyub saxlaya bilib. İkinci Qarabağ müharibəsi də belə. Bu haqq savaşımızda dağlar diyarı Lerikdən də neçə-neçə gənc özünü Vətən torpaqların azadlığı uğrunda fəda edib. Adı el-obaya şöhrət olan belə qəhrəmanlardan biri də şəhid leytenant Əliqismət Mükafat oğlu Yaqubludur.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid leytenant Əliqismət Yaqublunun şəhadətə qovuşmasının üçüncü ildönümü ilə əlaqədar məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.
28 yaşında Vətənini canından əziz tutmaqla, əbədi olaraq xalqın yaddaşına köçən Əliqismət Yaqublu Lerikin Kələxan kəndində boya-başa çatıb. Haqq savaşımıza Xüsusi Təyinatlı Qüvvələrin baş leytenant kimi qatılan Lerikin qartal balası yağıya olan nifrətini ilk gündən onun ilan başını əzməklə bildirib. Həm də Əliqismətlə çiyin-çiyinə vuruşduğu silahdaşlarına bildirib ki, Azərbaycanın hər qarışı bizim Vətənimizdir, onu qanımızla qorumaq müqəddəs oğulluq borcumuzdur. Yüksək döyüş məharəti, eləcə cəsurluğu, mərdliyi neçə-neçə ağır, qeyri-bərabər müharibə meydanlardan Əliqisməti üzüağ çıxardıb. O, Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayil, Zəngilan, Qubadlı, Laçının bir-neçə kəndinin azad olmasında yüksək şəxsi şücaət nümayiş edib. Şuşada yazdığı tarix şanlı zəfərimiz olub. Sonuncu dəfə Daşalti kəndində odun-alovun içinə atılıb, təkcə süngü ilə onlarla düşmən hərbiçini məhv edib, özü də şəhid olub. Şərəfli ölümü ilə Vətəninə, xalqına başucalığı gətirən şəhid leytenant ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığı uğrunda medalları ilə təltif edilib.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü