Azərbaycan-NATO əməkdaşlıq komissiyası niyə genişləndirildi - Fərmanın alt qatları...
Ramil Məmmədli: “Dünya dəyişir, geosiyasi çağırışlar yeni reallıqları özündə ehtiva edir”
“Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında” fərmanda dəyişikliklər edilib. Bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.
Fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilib:
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi.
Maraqlıdır, bu genişlənmə hansı zərurətin hökmüdür?
“Bu və digər təhlükələrdən daha etibarlı qorunmaqdan ötrü vacib qurumların NATO ilə əməkdaşlığı üzrə...”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bunu bir sıra amillərlə əlaqələndirdi: “Məsələ ondadır ki, dünya dəyişir, geosiyasi çağırışlar yeni reallıqları özündə ehtiva edir. Azərbaycan da müstəqil dövlət olaraq öz strateji maraqlarına uyğun siyasətini qurur. Azərbaycanla NATO arasındakı əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başladı. NATO ilə Azərbaycan arasında əhəmiyyətli tərəfdaşlıq 1994-cü ilə təsadüf edir. Azərbaycan Prezidentinin 21 noyabr tarixli fərmanı ilə 1997-ci ildə NATO-da diplomatik nümayəndəlik təsis edildi. Azərbaycan 4 may 1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq çərçivə sənədini imzalayıb. 1997-ci ilin noyabrında Azərbaycan NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşuldu. Azərbaycan 2002-ci ilin noyabrında NATO Parlament Assambleyyasının qərarı ilə assosiativ üzv oldu və 2004-cü ilin martında NATO Əməliyyat İmkanları Konsepsiyasına qoşuldu. Bütün bunları deməkdə məqsədim odur ki, Azərbaycan müstəqillik əldə edəndən bəri NATO ilə əməkdaşlıq edir. Düzdür, Azərbaycan NATO-ya üzv olmağı qarşısına məqsəd qoymayıb. Bizim belə bir niyyətimiz yoxdur. Ən azından ona görə ki, ölkəmiz elə bir regionda yerləşir ki, bu cür addım gərginlik yarada bilər. O cümlədən, digər hərbi bloklara da üzv olmaq planlaşdırılmır. O da məlumdur ki, dünyada asimmetrik təhdidlər artır. Burada söhbət hansısa ordunun hücumundan yox, kiber təhlükəsizlikdən, terror risqlərindən gedir. Əlbəttə ki, bu və digər təhlükələrdən daha etibarlı qorunmaqdan ötrü vacib qurumların NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibində yer alması mühüm əhəmiyyət kəsb edir”.
Vidadi ORDAHALLI