Fransanın “Total” şirkəti ölkəmizdən necə qovulacaq?..
Fuad İbrahimov: “Bunlar gör nə qədər başlarını itiriblər ki, Azərbaycanın geosiyasi əhəmiyyətini görməzdən gəlirlər”
Məlum olduğu kimi, Fransa açıq şəkildə Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edir. Xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında dedi ki, Azərbaycan-Fransa münasibətlərinin mövcud vəziyyəti son 30 ildə ən aşağı səviyyədədir.
Azərbaycanda Fransa şirkətlərinə məxsus olan biznesə gəlincə, C.Bayramov vurğulayıb ki, məsələləri bir-birinə qarışdırmaq doğru deyil. Onun sözlərinə görə, Fransa şirkətlərinin fəaliyyəti müqavilə əsasında tənzimlənir: “Orada tərəflərin öhdəliyi nəzərdə tutulur. Xarici şirkətlər Azərbaycana 100 milyardlarla dollar investisiya qoyublar, onlar burada çalışır və gəlir əldə edirlər. Ancaq buna uyğun olaraq onların öhdəlikləri də var. Bu öhdəliklər müqavilələrdə nəzərdə tutulmuş maddələrə əsasən tənzimlənir. Ona görə də burada ciddi risk görmürəm”.
Fransanın ölkmizə qarşı düşmənçiliyi fonunda, “Total” şirkətini necə ölkədən qova bilərik? Maraqlıdır, yəni bunun heç bir mümkün mexanizmi yoxdur?
“Fransaya cavab olaraq “Total” şirkətini növbəti kontraktlardan kənarda saxlamaq olar”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Mən cənab Bayramovla bu məsələdə tamamilə razıyam. Bununla bir daha sübut olunur ki, Fransa siyasi səhnədə erməni lobbisinin başının altına yastıq qoyur. Erməni lobbisinin güclü olması, Fransada istənilən seçkilərdə erməni lobbisinin təsiri olduğu üçün Makron hökuməti bu dərəcədə bizə qarşı düşmənçilik siyasəti aparır. Baxmayaraq ki, nəinki “Total”, Fransanın 50-dək şirkəti Azərbaycanda fəaliyyət göstərir. Ancaq Makronun axmaq siyasəti ucbatından bütün bunlar nəzərə alınmır. Bunlar gör nə qədər başlarını itiriblər ki, Azərbaycanın geosiyasi əhəmiyyətini görməzdən gəlirlər. Məsələ ondadır ki, Azərbaycansız Fransanın Mərkəzi Asiya ölkələri ilə əlverişli əlaqələri mümkünsüzdür. Fransanın strateji maraqlarından baxsaq görərik ki, regionla ən uyğun tranzit yolu Azərbaycandan keçir. Bəli “Total” şirkəti uzun illərdir Azərbaycanda fəaliyyət göstərir. Xəzərin “Abşeron” yatağında qaz hasilatında paya malikdir. Biz Fransanın ölkəmizə qarşı apardığı ədalətsiz siyasətə görə “Total” şirkətini qovsaq, beynəlxalq müstəvidə imicimiz zədələnəcək. Xarici şirkətlər Azərbaycana sərmayə qoymaq istəməyəcək. Üstəlik, bu kimi müqavilələr beynəlxalq öhdəliklərlə tənzimləndiyi üçün o zaman biz böyük miqdarda təzminat ödəməli olacağıq. Məsələnin bax bu kimi tərəfləri var. Ancaq Fransaya cavab olaraq “Total” şirkətini növbəti kontraktlardan kənarda saxlamaq olar”.
Vidadi ORDAHALLI