Təbrizdə erməni konsulluğu - milli azadlıq hərəkatına fars-erməni qəsdi...
“Rəsmi Tehranın məqsədi o olub ki, erməni faktorundan soydaşlarımızın milli mübarizəsini boğmaq üçün istifadə etsin, ancaq öz qazdığı quyuya rejimin özü düşəcək”
Ermənistan molla rejiminin razılığı əsasında qədim Azərbaycan şəhəri Təbrizdə konsulluq açacaq. Bu günlərdə Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan bildirdi ki, konsuluğun açılması 2024-cü ilə təsadüf edəcək.
Ermənilərin tarixən yaşamadığı və onlara heç bir aidiyyəti olmayan Təbrizdə Ermənistan konsulluğunun açılmasının bir çox pərdəarxası məqamları olduğu gizlin deyil. Hay-fars cütlüyünün burada məkrli niyyətləri indidən özünü göstərir. Aydın müşahidə etmək olur ki, Ermənistanın və İranın əsas məqsədi Azərbaycan şəhərində qarışıqlıq salmaqdır. Çox güman ki, ermənilərin də Təbrizə müəyyən qədər süni axını təşkil ediləcək. Hətta fikirlər var ki, bu birbaşa Güney Azərbaycanda milli azadlıq hərəkatını zəiflətməyə hesablanıb.
Təbrizdə erməni konsulluğu Cənubi Azərbaycanda milli azadlıq hərəkatına nə kimi maneələr, zərbələr vura bilər?
“Bu məsələ milli azadlıq hərəkatına zərbə vura, onu boğa bilməz, əksinə, onu daha da alovlandıracaq”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəsələfə doktoru, BAO sədrinin müavini Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində “Ermənistanın Təbrizdə konsulluq açmaq istəyi yeni deyil. Zaman-zaman İran adlanan ölkə bu məsələdən Azərbaycana qarşı təhdid kimi istifadə etməyə çalışıb. İkinci Qarabağ müharibəsinə qədərki dövrdə də müxtəlif səviyyələrdə Ermənistanın Təbrizdə konsulluğunun açılması məsələsi gündəmə gətirilib. Rəsmi Tehran dilə gətirirdi ki, Azərbaycan İsraildə konsulluq, səfirlik açarsa biz də ermənilərin Təbrizdə konsulluq açmasına icazə verəcəyik. Bilirsiz, Ermənistanın Təbrizdə konsulluq açmasına rəsmi Tehran daha isti yanaşmağa başlayıb. Əlbəttə, bunlar siyasi-diplomatik gedişlərdir” - deyə bildirdi.
F.Ələkbərlinin sözlərinə görə, ancaq burada çox incə məsələlər var və molla rejimi də, Ermənistan da Təbrizdə konsulluq açılması məsələsindən öz çirkin məqsədləri üçün istifadə etmək niyyəti güdürlər.
“Hesab edirəm ki, Təbrizdə Ermənistan konsulluğunun açılması İran adlı dövlətin sonunu gətirəcək. Bu, Güney Azərbaycan üçün çox ciddi oyanışa və dirənişə səbəb ola bilər. Zərrə qədər şübhə etmirəm ki, güneyli-quzeyli Azərbaycan olaraq bu məsələdə də öz sözümüzü deyə biləcəyik. Molla rejimi ermənilərə Təbrizdə konsulluq açmağa razılıq versə də, milli hərəkatçıların buna icazə verməyəcəyini düşünürəm. Heç bir vaxt Güney azərbaycanlılar razı olmaz ki, orada erməni konsulluğu olsun. Bütün vasitələrdən istifadə edərək onlar buna qarşı olduqlarını ortaya qoyacaqlar. Əgər Təbrizdə erməni konsulluğu açılarsa, bu, milli azadlıq hərəkatımız üçün yeni bir dönüş nöqtəsi olacaq.
Erməni konsulluğunun açılamasına razılıq verən rəsmi Tehranın məqsədi o olub ki, erməni faktorundan soydaşlarımızın milli mübarizəsini boğmaq üçün istifadə etsin, ancaq öz qazdığı quyuya rejimin özü düşəcək. Molla rejimi bununla öz sonunu bir az da yaxınlaşdıracaq.
Təbriz bütöv Azərbaycanın ən qədim və bizim üçün müqəddəs şəhərlərindən biridir. Qədim Azərbaycan şəhərində ermənilərə bu cür şərait yaratmaq azərbaycanlılar üçün qəbuledilməzdir. Bu mənada hesab edirəm ki, bu məsələ milli azadlıq hərəkatına zərbə vura, onu boğa bilməz, əksinə, onu daha da alovlandıracaq. Bu proses milli azadlıq hərəkatını alovlandıracaq”-deyə bildirən F.Ələkbərli qeyd etdi ki, bu gün orada vəziyyət gərgindir, milli fəallara qarşı zülmlər davam edir və bu da hərəkatçıları, soydaşlarımızı narahat edir. “Erməni konsulluğunun açılması isə İran adlanan ölkədəki bütün türkləri ayağı qaldırmış olacaq” - deyən F.Ələkbərli qeyd etdi ki, soydaşlarımız İranın bu məkrli addımı ilə razılaşa bilməz.
İradə SARIYEVA