Balkanlarda müharibə təhlükəsi... Serb lider təhdid etdi - Bosniya və Herseqovina parçalanır...
Bosniya və Herseqovinanın iki qurumundan biri olan Serb Respublikasının prezidenti Milorad Dodik bir neçə həftə ərzində müstəqilliklərini elan edə biləcəklərini bəyan edib.
Dodik, Bosniya və Herseqovinanın Ali Nümayəndəsi Kristian Şmidtin Serb Respublikasında daşınmaz əmlakın statusu ilə bağlı Bosniya və Herseqovina dövlətinin xeyrinə qərar qəbul edəcəyi təqdirdə müstəqilliyə doğru addım atmaqla təhdid edib.
Belə bir ssenariyə qarşı toplantısı keçirdiklərini dilə gətirən Dodik, hər şeyə hazır olacaqlarını, bir güllə belə atmadan dərhal müstəqillik elan edəcəklərini deyib.
Müstəqilliklərini elan edib Bosniya və Herseqovinanı tərk etsələr, onları beynəlxalq hərbi müdaxilədən qoruyacaq dostlarının olduğunu bildirən bosniyalı serb lider, sözügedən tənzimləmə yanvar ayında Şmidt tərəfindən təsdiqlənəcəyi halda, Serb Respublikası Xalq Məclisinin növbədənkənar iclas çağıraraq müstəqillik haqqında qərar qəbul edə biləcəklərini deyib.
Müstəqillik qərarının Serb Respublikasının boşnakların və xorvatların sıx yaşadığı Bosniya və Herseqovina Federasiyası ilə sərhədlərini bağlayacağı anlamına gəlməyəcəyini ifadə edən Serbiya lideri, lazım gələrsə, bunu da edə biləcəklərini deyib.
“Bosniya və Herseqovina Federasiyasından kiminsə Serb Respublikasına hücum etməyə cəsarət edəcəyini gözləmirik. Belə bir vəziyyətdə hansı addımları atacağımızı dəyərləndirəcəyik” – deyən Dodik ABŞ-ın belə bir ssenariyə qəzəblənəcəyini və müdaxilə edəcəyini iddia edib və Serb Respublikasının dostlarının belə bir şeyə icazə verməyəcəyini düşündüyünü söyləyib.
Dodikin açıqlamalarına cavab verən Bosniya və Herseqovina Federasiyasının daxili işlər naziri Ramo İsak isə bildirib ki, Dodik saat 11.00-da müstəqilliyini elan edərsə, saat 11.01-də dəmir barmaqlıqlar arxasına salınacaq: “Mən sizə söz verirəm. Cəsarətli olun və cəhd edin. Uğur qazana bilməyəcəksiniz. Bosniya və Herseqovina cəmiyyətini zəhərləməyə, qorxu, nifrət, münaqişə və dözümsüzlük toxumları səpməyə son qoyun”.
Qeyd edək ki, Serb Respublikası qurumu ölkədəki daşınmaz əmlakın 1992-1995-ci illərdə müharibəyə son qoyan Dayton Sülh Müqaviləsinə görə qurumlara aid olduğunu, sözügedən anlaşma ilə mülklərin idarəçiliyinin də onlara aid olduğunu iddia edir.
Daşınmaz əmlak məsələsi mübahisəsi Bosniya və Herseqovinada müharibədən bəri davam edir, ölkədəki daşınmaz əmlakın dövlətə, yoxsa onlardan istifadə edən qurumlara məxsus olması müzakirə edilir. Bosniya və Herseqovina Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı qərarlarında daşınmaz əmlakdan istifadə hüququnun subyektlərə, mülkiyyət hüququnun isə dövlətə aid olduğunu bildirən yanaşmasına baxmayaraq, məsələ ilə bağlı müzakirələr davam edir.
Serb Respublikası Xalq Assambleyası 2022-ci ilin sonunda daşınmaz əmlakın quruma aid olduğunu bəyan edən mübahisəli bir qərar qəbul edib, lakin bu qərar Bosniya və Herseqovinanın Ali Nümayəndəsi Kristian Şmidt tərəfindən qüvvəyə minməmişdən əvvəl dayandırılıb. Bosniya və Herseqovina Konstitusiya Məhkəməsi isə bu ilin martında sözügedən qanunu ləğv edib.
TAHİR