"Azərbaycan və Ermənistan yekun sülh sazişindən uzaq deyil" - Elçin Əmirbəyov
Azərbaycan hazırda sonuncu sülh sazişi layihəsi üzrə Bakının rəylərinə Ermənistanın cavabını gözləyir. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "The Guardian" nəşrinə müsahibəsində deyib.
"Aydındır ki, biz yekun sazişdən elə də uzaq deyilik. Bizə nəticəyönümlü səmərəli fəaliyyət lazımdır. Bilirəm ki, otuz illik danışıqlardan sonra və hər hansı mühüm nəticə olmadan hər iki tərəfdə müəyyən yorğunluq və frustrasiya var. Nə qədər hər hansı ağlabatan nəticə əldə etmədən sadəcə görüşlər keçirməyə davam edəcəyik. Biz aramızdakı bütün bu anlaşılmazlıqları və fikir ayrılıqlarını aradan qaldırmaq üçün yaradılmalı olan müəyyən ikitərəfli komissiyadan bəhs edən sülh sazişi imzalamağı tərcih edərdik", - o deyib.
E.Əmirbəyov, həmçinin, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan vasitəsilə əlaqənin Bakı üçün milli təhlükəsizlik nöqteyi-nəzərindən, o cümlədən, Orta Dəhliz çərçivəsində alternativ marşrutun təmin edilməsi baxımından həlledici əhəmiyyət kəsb etdiyini bildirib.
"Biz artıq vaxt itirə bilmərik. Üç il ərzində Ermənistan 42 kilometrlik sahənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına heç başlamayıb. Əlbəttə ki, biz Ermənistanı öz üzərinə götürdüyünü yerinə yetirməyə məcbur edə bilmərik və bu dəhlizi zorla qəbul etdirmək üçün müdaxilə edəcəyimizi və ya buna bənzər nəyisə ehtimal etmək mənasız olardı. Bu səbəbdən İran ərazisi vasitəsilə avtomobil və dəmir yolu əlaqəsinin yaradılması üzrə B planı qismində İrana müraciət etdik", - deyə o əlavə edib.
Prezidentin nümayəndəsi vurğulayıb ki, alternativ marşrutun olması Ermənistanın öz ərazisi vasitəsilə əlaqənin təmin edilməsinə müqavimət göstərməkdə nələr itirə biləcəyini anlamasına səbəb ola bilər.