Lerik məktəbində erkən nikah və narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirildi - FOTO
Dağlar diyarı Lerik rayonunun Namaz Muradov adına Günəşli kənd tam orta məktəbində "Erkən nikah və narkomaniya" mövzusunda maarifləndirici görüş keçirildi.
Tədbir narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə, erkən nikah, gənclərdə narkomaniya və onun fəsadları haqqında düzgün təsəvvürlərin formalaşdırılması, bu sahədə gənclərin məlumatlılıq səviyyəsinin artırılması və maarifləndirmə-profilaktika işlərinin gücləndirilməsi, həmçinin sağlam həyat tərzinin təbliğ olunması məqsədi daşıyırdı. Onun iştirakçıları isə Lerik rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı, Lerik Rayon Polis Şöbəsinin rəisi, Lerik rayonu üzrə təhsil sektorunun müdiri, Lerik Rayon İcra Hakimiyyətinin əməkdaşı, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri idilər.
Polis Şöbəsinin rəisi Ramil Mustafayev çıxış edib dedi: - Bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın, eləcə də erkən nikahlarının törətdiyi fəsadlara qarşı mübarizə indiki zamanda xüsusilə aktual xarakter daşıyır. Lerik polisi də bu məsələləri həmişə diqqət mərkəzində saxlayır. Bildiyimiz kimi, böyüməkdə olan gənc nəslin doğma Vətənə məhəbbəti, öz dövlətinə, xalqına sədaqət ruhunda tərbiyə alması və layiqli vətəndaş olaraq yetişməsi, eyni zamanda zərərli vərdişlərə qarşı birinci anlayışı məhz məktəbdə, daha dəqiq desək part arxasında formalaşır. Odur ki, rayonda fəaliyyət göstərən təhsil ocaqlarda belə tədbirlərin müntəzəm təşkili artıq silsilə xarakter daşıyır.
Natiq daha sonra bildirdi: - Bəli, xoşbəxt gələcək naminə sağlam cəmiyyətin formalaşması üçün narkomaniya və erkən nikahlara qarşı belə mübarizə aparmaq mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə bizim əsas məqsədimiz maarifəndirmə işini lazımı səviyyədə aparmaqla yeniyetmə və gəncləri insan həyatını məhvə doğru aparan bütün zərərli vərdişlərdən uzaq salmaqdır. İndiki dövrün uşaqları daha çox təhsilə cəlb olunmalı, asudə vaxtlarını isə idman yarışlarına həsr etməlidir.
Digər çıxışlarda da şagirdlərə bu kimi zərərli vərdişlərdə uzaq durmaq, parlaq gələcəyə doğru işıqlı fikirlərlə yaşamaq, təhsildə, idmanda yüksək nəticələr qazanmaq, yalnız gözəl əməllərə can atmaq, Vətəninə layiqli övlad olmaq tövsiyə edildi.
Mövzu ətrafinda fikir mübadiləsi aparıldı, şagirdləri düşündürən suallara polis rəisi tərəfindən tutarlı cavablar verildi.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü