Ermənilər əldə xaç daşları düzəldib xüsusi maddə ilə qədimləşdirirlər...
Faiq İsmayılov: “Son 30 ildə ermənilər bizim ərazilərdə 10 minə yaxın xaç daşları basdırıblar”
Uzun illərdir ermənilər dünya ilə xaçkar oyunu oynayır. Son 30 ildə dünyanın müxtəlif ölkələrində ya “erməni mədəniyyətinin ayrılmaz hissəsi” olan xaçkarlar quraşdırırlar, ya da torpağa xüsusi maddə ilə “qədimləşdirdikləri” xaç daşlar basdırırlar.
Məqsəd də odur ki, həmin yerlərin “qədim erməni torpağı” olduğunu sübut etsinlər. Məlum olduğu kimi, Azərbaycan torpaqları işğal altında olduğu dövrlərdə ermənilər bizim ərazilərdə də həm torpağın altına, həm də üstünə xaçkarlar “əkiblər”.
Gerçəklik budur ki, ermənilər daş sexlərində kustar üsulla xaç daşlar hazırlayıb bizim ərazilərə basdırıblar. Üstəlik onları xüsusi maddə ilə "qədimləşdirib"lər ki, guya bu daşlar "əsrlər boyu" burda olub.
“...Əslində özlərini aldadıblar”
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, maddi irs üzrə mütəxəssis Faiq İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu saxtakarlaşdırma prosesi, xüsusən də 44 günlük müharibədən sonra daha genişlənib, ermənilər könüllü olaraq Qarabağı tərk edənə qədər az qala hər yerə xaçkarlar basdırıblar. “Son 30 ildə ermənilər bizim ərazilərdə 10 minə yaxın xaç daşları basdırıblar. Hazırda azad ərazilərimizdə bu cür saxta xaçkarlara rast gəlinir. Xüsusi maddə ilə bu daşların rəngini dəyişirdilər. Bu saxta daşları basdırmaqda məqsədləri özlərinin burada qədimdən var olduqlarını sübut etmək olub. Guya onlar Qarabağda “qədimdən” yaşayıblar və bu xaç daşları da buna “sübutdur”. Onlar uzun illər saxta xaç daşları yonub basdırmaqla məşğul olublar və əslində özlərini aldadıblar. Çünki bizim ərazidə qədim erməni irsi yoxdur. Eyni zamanda da bu daşların yeni yonulduğu hər kəsə məlum olduğu üçün heç bir əhəmiyyət kəsb etmir”-deyə qeyd edən F.İsmayılov ermənilərin basdırdığı xaçkarların bəzən bizim alimlərin çaşqınlığına səbəb olduğunu deyir. “Ermənilər bu daşları o qədər rəngləyiblər ki, bu da bəzən bizim alimlərin çaşqınlığına səbəb olur. Onlar bəzən ermənilərin son illər yonduqları daşları alban xaç daşları kimi təqdim edirlər. Bu isə yolverilməzdir. Yəni mən bunları demək və sübut etmək istədim ki, araşdırmaçılarımız belə etməsinlər. Bunu əsasən gənc araşdırmaçılarımızı nəzərdə tutub deyirəm”-deyə F.İsmayılov əlavə etdi.
İradə SARIYEVA