"Rusiya Bakı-İrəvan münasibətlərinin normallaşması üçün yaxşı perspektivlər görür" - Zaxarova
Rusiya Bakı-İrəvan münasibətlərinin normallaşması üçün yaxşı perspektivlər görür. Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün həftəlik brifinqdə deyib.
"İrəvanla Bakı arasında üçtərəfli bəyanatlar əsasında münasibətlərin normallaşması üçün yaxşı perspektivlər görürük. Ermənistanla Türkiyə arasında münasibətlərin yoluna düşməsi üçün zəmin var. Bütünlükdə biz Cənubi Qafqazda konfliktogenliyin azalmasında və bu regionun zəngin potensialının kəşf olunmasında maraqlıyıq. Buna, o cümlədən, "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) regional müşavirə platforması çərçivəsində qarşılıqlı fəaliyyətin genişlənməsi imkan yarada bilər", - o deyib.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə danışıqların keçirilməsinə hazır olduğunu və Bakı ilə İrəvanın Moskvanın təklifinin aktuallığını nəzərə alacağına ümid etdiyini bildirib.
"Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə sülh danışıqlarının Moskva platformasında keçirilməsi barədə təklifimiz Azərbaycan və Ermənistandakı tərəfdaşlarımız üçün açıq təşəbbüsü əks etdirir. Bakı və İrəvanın bunu xatırladıqlarına ümid edirik", - deyə Qaluzin vurğulayıb.