ABŞ Qəzzada hərbi əməliyyatların intensivliyinin azaldılmasına çalışır - İsraillə danışıqlar gedir...
İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatların intensivliyini azaltması və HƏMAS-a qarşı əməliyyatın növbəti mərhələsinə keçid ABŞ dövlət katibi Entoni Blinken, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və İsrailin strateji planlaşdırma naziri Ron Dermer arasında baş tutmuş danışıqların əsas mövzusu olub. Bu barədə СNN məlumat yayıb.
Görüş Ağ Evdə keçirilib və 4 saata yaxın davam edib.
Ağ Evin nümayəndəsi telekanala bildirib ki, tərəflər HƏMAS-ın mühüm obyektlərinə maksimum konsentrasiyanı nəzərdə tutan müharibənin növbəti mərhələsinə keçidi müzakirə ediblər.
Tərəflər, həmçinin humanitar vəziyyətin yaxşılaşdırılması və hərbi əməliyyatlar zamanı mülki əhaliyə dəyən ziyanın minimuma endirilməsi, girovların azad edilməsi və Qəzzada münaqişədən sonrakı vəziyyətlə bağlı məsələlərə toxunublar.
CNN xatırladır ki, ABŞ rəsmiləri İsrailin Qəzzada 20 mindən çox insanın ölümünə səbəb olan yüksək intensivli müharibədən əl çəkəcəyinə ümid edirlər.