“Sosial sığorta haqqında” Qanuna dəyişiklik edildi
Prezident İlham Əliyev “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Sənədə əsasən, “Sosial sığorta haqqında” Qanunun 14.8-ci maddəsində aşağıdakı dəyişikliklər edilib:
1.1. birinci hissədə “podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən” sözləri “həmin podratçı ilə birbaşa müqavilə bağlamış subpodratçı ilə bağlanmış əmək müqaviləsi (kontraktı) əsasında” sözləri ilə əvəz edilsin;
1.2. ikinci hissə üzrə:
1.2.1. birinci cümləyə “öz seçimi” sözlərindən əvvəl “, sığortaolunanın (yeni işəgötürülən şəxslər istisna olmaqla) seçim hüququ cari il ərzində yarandıqda isə bu hüququn yarandığı gündən 15 gün ərzində” sözləri əlavə edilsin;
1.2.2. ikinci cümlədə “qeyd olunan müddətdə” sözləri “yanvar ayının 15-dək” sözləri ilə, “əvvəlki ildə həmin sığortaolunanın” sözləri “həmin sığortaolunanın əvvəlki ildəki” sözləri ilə əvəz edilsin;
1.2.3. üçüncü cümlə aşağıdakı redaksiyada verilsin:
“Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işəgötürülən şəxsə münasibətdə həmin şəxsin əmək müqaviləsi bağlamaq üçün verdiyi ərizədə qeyd etdiyi seçimi tətbiq edilir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir.”;
1.3. aşağıdakı məzmunda üçüncü və dördüncü hissələr əlavə edilsin:
“Sığortaolunanın seçim hüququ cari il ərzində yarandıqda məcburi dövlət sosial sığorta haqqının bu maddənin birinci hissəsinə uyğun olaraq hesablanması seçim hüququnun yarandığı gündən etibarən həyata keçirilir.
Sığortaolunan seçim hüququnu itirdikdə məcburi dövlət sosial sığorta haqqının bu maddənin birinci hissəsinə uyğun olaraq hesablanması seçim hüququnun itirildiyi gündən etibarən dayandırılır.”.
Maddə 2. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.