Türkiyə İsveçin NATO üzvlüyünə yolunu açdı - ABŞ F-16 sözünü tutacaqmı...
İsveçin NATO-ya qəbulu ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılıb.
Hakim partiyanın Ankara millət vəkili Fuat Oktayın sədrliyi ilə keçirilən iclasda Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçapar Komissiyaya İsveçin NATO-ya üzvlük prosesi haqqında məlumat verib, parlament üzvləri qanun layihəsi ilə bağlı fikirlərini bölüşüblər.
Müzakirələrdən sonra “İsveç Krallığının NATO-ya üzvlüyünə dair Protokolun Təsdiq Edilməsi” haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində qəbul edilib.
Məsələyə münasibət bildirən ABŞ isə Türkiyənin bu addımını alqışlayıb və ABŞ prezidenti Baydenin Türkiyəyə F-16-ların satışına açıq dəstəyinin davam etdiyini bildirib.
"Prezident Bayden uzun müddətdir ki, NATO-nun əməliyyat qabiliyyətini artıracaq Türkiyənin F-16 donanmasının modernləşdirilməsinə açıq dəstəyini davam etdirir" – deyə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir.
Dövlət Departamentindən o da bildirilib ki, Ankaraya F-16 satışı ilə bağlı Konqresə rəsmi bildiriş verilməyənə qədər bu cür xarici silah satışı prosesləri ilə bağlı açıqlama və ya şərh verə bilməyəcəklər.
TAHİR