Lukaşenko ermənilərin axmaq olduqlarına niyə inanmır?..
Əli Orucov: “Bununla mesaj verirlər ki, bizdən uzaqlaşsanız, bu sizə baha başa gələcək”
“Ermənistan Avrasiya İqtisadi İttifaqı üzvlüyünü qoruyub saxlayacaq”. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində jurnalistlərin “Biz Ermənistanı itiririkmi” sualına cavab olaraq deyib.
A.Lukaşenko qeyd edib ki, Ermənistan iqtisadi cəhətdən ölmək istəsə, itirilə bilər: “Ermənistan iqtisadi cəhətdən ölmək istəsə, biz onu itirə bilərik, lakin mən düşünmürəm ki, ermənilər axmaqdırlar. Onlar ağıllı insanlardır”.
Maraqlıdır, Lukaşenko belə sərt ifadələrlə nə demək istəyib?
“Lukaşenko demək istəyir ki, Rusiya bazarı olmadan Ermənistan məhsulları satılmayacaq”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucov hesab edir ki, Lukaşenko Paşinyana bununla Putinin mesajını çatdırır: “Əvvəla, biz nəzərə almalıyıq ki, çox vaxt Putinin deyə bilmədiyini Lukaşenko deyir. Daha dəqiq desək, Putin bir sıra hallarda Lukaşenko vasitəsilə mesaj göndərir. Xüsusən də Paşinyanın KTMT-ni boykot etməsi ilə əlaqədar Lukaşenko bir neçə dəfə Ermənistanın ünavanına təhdid xarakterli mesajlar səsləndirib. O baxımdan Lukaşenkonun özünəməxsus formada Ermənistanı tənbehləməsi yeni deyil. Baxın, Paşinyan KTMT-nin tədbirlərində iştirak etməkdən nümayişkaranə surətdə imtina etsə də, Aİİ ilə bağlı analoji addım atmadı. Çünki Ermənistan bu qurumdan, oradakı güzəştlərdən əhəmiyyətli dərəcədə faydalanır. Ermənistan məhsullarının bazarı Aİİ-dir. Əsasən də Rusiya bazarı. Söhbət Ermənistanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiyada satılmasından gedir. Lukaşenko demək istəyir ki, Rusiya bazarı olmadan Ermənistan məhsulları satılmayacaq. Bu isə ölkə üçün fəlakət olacaq. Onsuz da illərdir Ermənistandan xaricə köç prosesi dayanmayıb. Bunu Paşinyan da bilməmiş deyil. Çünki həmin məhsulları Fransaya aparası deyillər. Başqa bir tərəfdən, Ukrayna müharibəsindən sonra Rusiya ilə Ermənistanın ticarət dövriyyəsi 5 milyard dollara çatıb. Tarixdə iki ölkə arasında bu qədər böyük ticarət dövriyyəsi olmayıb. Hamıya bəllidir ki, bu artım Rusiyaya yönəlik sanksiyalarla bağlıdır. Rusiyanın sanksiyalardan yayınmasında iştirak edən Ermənistan bundan milyardlar qazanır. Lukaşenkonun səsləndirdiyi fikirlər həm də bunu özündə ehtiva edir. Bir sözlə, demək istəyirlər ki, bizdən uzaqlaşsanız, bu sizə baha başa gələcək”.
Vidadi ORDAHALLI