Antiinhisar Xidmətinin qiymət işbazlarına gücü çatacaqmı?..
Fuad İbrahimli: “Süni qiymət artımları iqtisadi aktivliyə mane olur, makroiqtisadi sabitliyin tarazlığına mənfi təsir göstərə bilir”
Yeni ilin gəlməsinə sayılı günlər qalır. Hər il olduğu kimi, bayram öncəsi ərzaq məhsullarına tələbat artır ki, bu da bazarda süni qiymət artımına yol açır. Bəzi işbazlar tələbatın yüksəlməsini fürsət bilərək məhsulların qiymətlərini bahalaşdırır.
Süni qiymət artımının qarşısını almaq üçün aidiyyəti qurumlar tərəfindən müəyyən işlər görülür. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda qeyd edilir ki, qurum tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır. Nazirlər Kabinetinin 178 saylı Qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib. Həmin siyahıya daxil olan malların qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında sahibkarlıq subyektləri tərəfindən sərbəst müəyyən edilir.
Maraqlıdır, bu xidmət qiymətlərlə bağlı həqiqətən təsirli hansısa tədbirlər görə bilərmi?
“Əsassız qiymət artımına yol verən sahibkarlar aidiyyəti qurumlar tərəfindən aşkar olunmalı və qanun çərçivəsində məsuliyyətə cəlb olunmalıdır”
İqtisadçı Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qiymət artımı tələbin artması ilə bağlıdır. Tələb olmasa məhsul və ya xidmətin qiyməti artmaz: “Qiymət artımının qarşısını almaq üçün sağlam rəqabət aparmaq lazımdır. Bununla bağlı müəyyən işlər görülməlidir. Süni qiymət artımları iqtisadi aktivliyə mane olur, makro-iqtisadi sabitliyin tarazlığına mənfi təsir göstərə bilir. Təəssüf ki, bəzi işbazlar bazar iqtisadiyyatında bu yollardan istifadə edə bilir. Ölkə rəhbərliyi səviyyəsində buna müdaxilə olunsa, qısa zamanda qarşısının alınması mümkündür”.
Həmsöhbətimiz hesab edir ki, əsassız qiymət artımına yol verən sahibkarlar aidiyyəti qurumlar tərəfindən aşkar olunmalı və qanun çərçivəsində məsuliyyətə cəlb olunmalıdır.
Günel CƏLİLOVA