Rusiya XİN-dən Paşinyana açıq mesaj - yalnız Moskva, İrəvan və Bakı...
Elşad Musayev: “Kreml Paşinyanla bağlı sərt addımlar atmağa tələsmir”
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov Ermənistan-Azərbaycan sülh danışıqlarından və bu danışıqlarda Rusiyanın rolundan danışıb. L.Kalaşnikovun fikrincə, Ermənistan üçün yumruqla masa döyməyin mənası qalmayıb.
Bu barədə erməni mediası məlumat yayıb.
“Fikrimcə, Ermənistan və Azərbaycan sülh sazişinin imzalanmasının bir addımlığındadır. Baş verən və son nəticədə indiki vəziyyətə gətirib çıxaran hadisələr düzgün inkişaf edib. Yalnız 3 regional qonşu danışıqlar aparmalı idi: Azərbaycan, Ermənistan və Rusiya. Mən həmişə bu barədə danışmışam. Bizdən başqa ABŞ və Fransanın həmsədrlərinin olduğu Qarabağ üzrə Minsk Təmas Qrupuna mən heç vaxt inanmamışam. Onlar kömək üçün heç nə etmədilər”, - deyə Kalaşnikov bildirib.
Deputat xüsusilə qeyd edib ki, indi Ermənistan üçün yumruqla masa döyməyin mənası qalmayıb.
“Rusiyanın mövqeyi belədir ki, Azərbaycan-Ermənistan münaqişəsi Moskvanın vasitəçiliyi ilə çözülməlidir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Kalaşnikovun yanaşmasına bir neçə aspektdən yanaşdı: “Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikovun müxtəlif dövürlərdə maraqlı bəyanatları olub. Görünən odur ki, Kalaşnikov indi də həmin bəyanatları davam etdirir. Həqiqətən də doğru olaraq vurğulayıb ki, hazırda Ermənistan üçün masanı yumruqlamağın mənası qalmayıb. Hələ işğal dövründə Ermənistan bir sıra üstünlüklərə malik idi, müəyyən hədələrlə çıxış edirdi. Ancaq bu, nəticə etibarı ilə onların xeyrinə nəyisə dəyişə bilmədi. Hazırda isə, ümumiyyətlə, rəsmi İrəvanın belə bir şansı yoxdur. Ona görə ki, Azərbaycan ərazilərini işğaldan azad edib və tamamilə yeni reallıqlar yaranıb. Digər tərəfdən, Kalaşnikov açıq-aşkar Ermənistanın Qərb müstəvisində cəhdlər göstərməsini mənasız hesab edir. Rusiyanın mövqeyi belədir ki, Azərbaycan-Ermənistan münaqişəsi Moskvanın vasitəçiliyi ilə çözülməlidir. Kalaşnikov həmin mövqeyi növbəti dəfə təkrar edir. Hesab edirəm ki, Ermənistanın başqa variantı qalmayıb. Çünki Ermənistan Rusiyadan əhəmiyyətli dərəcədə asılı vəziyyətdə olan ölkədir. Paşinyan hakimiyyəti nə qədər Qərbə yönəlik reveranslar etsə də, iqtisadi və hərbi baxımdan Rusiyanın orbitindədir. Fakt odur ki, Ermənistan Rusiyanın forpostudur. Belə görünür ki, verilən mesajlara baxmayaraq, Ermənistan rəhbərliyi Rusiyanın qırmızı cizgilərini anlaya bilmir. Rusiya Ermənistanda, hərbi çevriliş daxil, istənilən addımları ata bulər. Sadəcə, hələlik buna zərurət görmür. Ona görə ki, Ermənistan Rusiyanın sanksiyalardan yayınmasında fəal rol oynayır. Bu baxımdan Kreml Paşinyanla bağlı sərt addımlar atmağa tələsmir”.
Vidadi ORDAHALLI