Paşinyan Rusiyayönlü Aİİ-nin siyasiləşməsinə qarşı açıq iradə qoydu...
Amid Əliyev: “...Ermənistanın Qərb partnyorlarına etimadın nümayişi kimi qiymətləndirilə bilər”
Avrasiya İqtisadi İttifaqı iqtisadi birlikdir və onun siyasi və geosiyasi gündəmi olmamalıdır. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib:
“Ermənistanın sədrliyinin Aİİ haqqında müqavilənin imzalanmasının onuncu ildönümü ilə üst-üstə düşməsi simvolikdir ki, bu da Aİİ-nin siyasi, hətta geosiyasi gündəmi olmayan iqtisadi birlik olması ilə bağlı fundamental postulata əsaslanır. Onu bu şəkildə dərk etməyə və iqtisadi əməkdaşlığımız çərçivəsində qarşılıqlı əlaqəni inkişaf etdirməyə davam edirik, bu kontekstdə Avrasiya inteqrasiyasını siyasiləşdirmək cəhdlərinin qarşısını almağa çalışırıq".
Təşkilat onsuz da iqtisadidir. Nikol siyasiləşmə cəhdləri deyəndə nəyi nəzərdə tutur?
Politoloq Amid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ümumiyyətlə, Ermənistanın Rusiyanın orbitindən çıxarılması məsələsi iki sahə üzrə aparılır: “Qərb hər vəchlə Ermənistanı Rusiyanın rəhbərlik etdiyi hərbi bloklardan uzaqlaşdırmağa çalışır ki, sonradan Ermənistana asanlıqla nüfuz edə bilsin. İqtisadi blokdan uzaqlaşma o qədər də asan məslə deyi. Həm də Qərb gözəl başa düşür ki, indiki məqamda bu, Qərb üçün də sərfəli deyil. Çünki belə olacağı halda Qərb Ermənistana maliyyə yardımlarını artırmalı, sosial paketləri gücləndirməli və Ermənistanın dövlət büdcəsini doldurmalıdır. Bu isə öz növbəsində əlavə xərclər deməkdir. Ona görə də Paşinyan bu gün çox asanlıqla Sankt- Peterburqda işirak edir. Çünki masa iqtisadi masadır, hərbi masa yox. Ermənistan da gözəl anlayır ki, inidiki məqamda Rusiya ilə iqtisadi bağların qırılması onun üçün fatal ola bilər. Paşinyan görüş öncəsi bu səfərin siyasiləşdirilməməsi fikrini söyləyəndə əslində bu məqamlara diqqəti cəlb etmək istəyir ki, görüş yalnız və yalnız iqtisadi xarakter daşıyacaq. Hərbi əməkdaşlıq və yardım məsələləri müzakirə mövzusu ola bilməz. Bu da Ermənistanın Qərb partnyorlarına etimadının nümayişi kimi qiymətləndirilə bilər. Qərb heç bir halda Ermənistana Rusiya ilə hərbi əməkdaşlığın artırılması və genişlənidirilməsi məsələsində kart-blanş verə bilməz. Bu, Qərbin əsas istəyidir. Bu gün Ermənistanda 102 saylı hərbi bazanın mövcudluğu, eləcə də Zəngəzur dəhlizinin təhlükəzisliyi məsələsində Rusiyanın iddialı olması həm Qərbi, həm də Ermənistanı narahat edən məqamlardır. Bu məqamlarda isə artıq Ermənistan birmənalı olaraq Qərbin direktivləri əsasında addımlar atır. İqtisadi məsələdə isə Ermənistanın hələ ki, az da olsa sərbəstliyi var. Bununla yanaşı növbəti sədrliyin Ermənistan ötürülməsi də səbəbsiz deyil. Görüşlər zamanı 3 tərəfli görüşlərin keçirilməsi və yenidən Moskvanın vasitəçilik missiyasında çıxış etmə cəhdləri də açıq şəkildə görünür. Beləliklə, Ermənistanın bir dövlət kimi varlığı Qərbin direktivləri və Rusiyanın iqtisadi rıçaqları arasındakı təzyiqlərdən yaranan vakuuma nə qədər davam gətirə biləcəyindən asılı olacaq”.
Məhəmmədəli QƏRİBLİ