Lukaşenko Ermənistana başqa çıxış yolu qoymadı - Onlara kim kömək edəcək? Fransada baş verənləri görürlər...
Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünü saxlayacağına əmindir.
Sankt-Peterburqda Aİİ-ın qeyri-rəsmi sammitinə qatılan Lukaşenko jurnalistlərə bildirib ki, “Ermənistan iqtisadi cəhətdən ölmək istəyirsə, biz onu itirə bilərik”. “Amma düşünmürəm ki, ermənilər axmaq insanlardır” - deyə Lukaşenko əlavə edib.
Belarus prezidenti Ermənistanın ittifaqı tərk etməyəcəyinə əmin olduğunu deyib.
Eyni zamanda, Lukaşenko Qərb dövlətlərinin Ermənistana hər hansı şəkildə kömək edəcəyi fikrinə də şübhə ilə yanaşır: "Onlara kim kömək edəcək? Orada Avropa, Fransa nəsə etməyə çalışır. Fransada nə baş verir? Özləri bunu başa düşməlidirlər. Ermənilər bunu görürlər”.
O, həmçinin vaxtilə Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətində sonuncunun hərbi-siyasi ittifaq olan KTMT-dən incidiyini, lakin iqtisadi birlik olan Aİİ-nin fəaliyyətindən narazı olmadığını vurğulayıb.
Tahir TAĞIYEV