Rusiya Azərbaycan yumurtasından asılılığa niyə düşdü?..
Məlum olduğu kimi, Azərbaycandan Rusiya Federasiyasına quşçuluq məhsullarının, əsasən də yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub. Artıq bu razılıq əsasında 18 ton (306 min ədəd) həcmində ərzaqlıq yumurtanın növbəti partiyası ixrac edilib.
Maraqlıdır, Rusiyada qəfildən yaranmış bu yumurta qıtlığının səbəbi nədir? Rusiyaya yumurta ixrac edilməsi Azərbaycanda bu məhsulun qiymətinin artmasına səbəb ola bilərmi?
Akif Nəsirli: “Ölkə daxilində yumurtaya ehtiyac təxminən 2 milyona yaxındır, yumurta istehsalı isə 1 milyarda yaxındır, bu səbəbdən də...”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyaya yumurta idxalı hər zaman olub. Azərbaycan bu işə yeni, indi qoşulur: “İki ölkə arasında ümumi razılaşmaya əsasən Rusiyaya yumurta idxal olunacaq. Bununla bağlı hər kəs elə düşünür ki, yumurta idxalı daxildə qiymət artımına səbəb olacaq. Etiraf edək ki, Rusiyanın təlabatı böyükdür. Təxminən 6 milyon yumurtanın idxalı planlaşdırılır. Azərbaycan tərəfi bu tələbatın müəyyən hissəsini ödəyə bilər. Məlumat üçün deyim ki, ölkə daxilində yumurtaya ehtiyac təxminən 2 milyon yaxındır. Ölkədə yumurta istehsalı isə 1 milyarda yaxındır. Bu səbəbdən də Rusiyaya yumurta ixracı daxildə qiymət artımına səbəb olmayacaq. Bu, hökumətin nəzarətində olan bir prosesdir. Sui-istifadə halının olmaması üçün bu sahəyə ciddə nəzarət olunmalıdır”.
Mürvət Həsənli: “Daxili bazarda qiymət artımı olmayacaq”
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirdi ki, ölkədə gündəlik yumurta istehsalı 4 900 000 – 5 000 000 ədəd arasında dəyişir: “Daxili tələbat isə 3 400 000- 3 600 000 ədəd arasındadır. Biz gündəlik 1 300 000 ədəd yumurta ixrac edə bilirik. Bugünə qədər 10-a yaxın xarici ölkəyə bu məhsuldan ixrac etmişik və bu sahədə heç bir problemimiz yoxdur. Onların da əksəriyyəti Yaxın Şərq və Körfəz ölkələri, yəni Birləşmiş Ərəb Əmirlikləri, İraq, Qətər, Əfqanıstan, Səudiyyə Ərəbistanı və digərləridir. Bugünə qədər Rusiyaya 1 500 000 ədədə yaxın yumurta ixrac olunub. Artıq məhsulumuz qalarsa, bu prosesi davam etdirmək fikrindəyik. Bu baxımdan da daxili bazarda qiymət artımı olmayacaq. Ona görə ki, ölkədə rəqabət qabiliyyətli müəssisələrin sayı kifayət qədərdir. Onlar öz istehsallarını hər gün daha da artırırlar”.
Günel CƏLİLOVA