Məktəblərdə kişi müəllimlərimizin sayı sürətlə azalır - yaxşıdır, ya pis?..
İlqar Orucov: “Ali təhsildə, elmdə də kişi müəllimlərin sayı azdır”
Müasir dövrdə peşələr arasında gender bərabərsizliyi daha da dərinləşməkdədir. Məsələn, bank sektorunda çalışan qadınların sayı kişilərlə nisbətdə xeyli azdır. Təhsil sahəsində isə vəziyyət bir qədər fərqlidir.
Son illər ərzində pedaqoji sahəyə meyllənən kişilərin sayı xeyli azalıb.
Məlumat üçün bildirək ki, ölkədə ümumilikdə 22 min 461 kişi, 121 min 284 qadın müəllim var. 33 min 312 müəllim paytaxt Bakıda fəaliyyət göstərir ki, onlardan 2590 nəfəri kişi, 30 min 722 nəfəri qadındır. Regionlarda isə 110 min 433 nəfər müəllimimiz var ki, onlardan 19 min 871 nəfərini kişi müəllimlər, 90 min 562 nəfərini isə qadın müəllimlər təşkil edir. Gender fərqinə baxanda görürük ki, arada say fərqi çox yüksəkdir. Hazırda kişi müəllimlərin sayının artırılması üçün hansısa bir mexanizm tətbiq olunmur.
“Kişi müəllimlərin təhsil prosesinə cəlb olunmasına müəllimlik peşəsinin cəmiyyətdə nüfuzunu artırmaq, bu peşə sahiblərinin sosial müdafiəsini daha da gücləndirməklə nail olmaq olar”
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirdi ki, məktəblərdə qadın müəllimlərin sayının kişi müəllimlərdən dəfələrlə çox olması reallıqdır. Bunun isə obyektiv və subyektiv səbəbləri var: "Cəmiyyətdə belə bir fikir formalaşıb ki, müəllimlik daha çox qadın sənətidir. Əslində isə bu belə deyil. Bu zərərli tendensiyadır. Əksinə, biz kişi müəllimlərin sayının çox olmasında daha çox maraqlı olmalıyıq. Bu, eyni zamanda şagirdlərin, xüsusilə oğlanların psixoloji cəhətdən formalaşmasına təsir göstərir".
Amma ekspert hesab edir ki, bunu kortəbii etmək təhsilin keyfiyyətinə təsir göstərə bilər: "Lakin kişi müəllimlərin sayını artırmaq naminə onların savadını qiymətləndirmədən işə götürmək də düzgün addım hesab oluna bilməz. Çünki təhsildə əsas prioritetlərdən biri keyfiyyətli təhsilverənlərin bu prosesə cəlb olunmasıdır. Son illərdə kişi müəllimlərin işə qəbulunda artım var".
İ.Orucov bildirdi ki, müstəqilliyin ilk illərində kişi müəllimlərin məktəblərdən uzaqlaşması prosesi başlandı. kişilər daha çox biznes sahəsinə üz tutdular. Onun sözlərinə görə, bunu hər hansı inzibati metodla tənzimləmək mümkün deyil: “Kişi müəllimlərin təhsil prosesinə cəlb olunmasına müəllimlik peşəsinin cəmiyyətdə nüfuzunu artırmaq, bu peşə sahiblərinin sosial müdafiəsini daha da gücləndirməklə nail olmaq olar. Bu problem təkcə orta məktəblərdə deyil. Ali təhsildə, elmdə də kişilərin sayı azdır. Kişi müəllimlərin məktəblərə cəlb edilməsinin müsbət tərəfləri var. Qadın müəllimlər bir müddət sonra ana olaraq işə fasilə verirlər. Elmdən kənarlaşaraq daha çox ailəsinə vaxt ayırırlar. Amma kişi müəllimlərdə bu mənada davamlılıq var. Məktəb idarəçilərinin də arasında kişi müəllimlərin sayı artırılmalıdır. Bu, məktəblərdə şagirdlər arasında neqativ davranışların da sayının azalmasına təsir göstərər".
İ.Orucovun sözlərinə görə, son illər müəllimlərin əmək haqqının diferensiallaşdırılması onların əmək haqlarına müsbət təsir göstərir. Onun fikrincə, bu isə təbii yolla kişi müəllimlərin sayının artmasına təkan verə bilər. Kişi müəllimlərin sayının çoxalması olduqca faydalı nəticələr verə bilər.
Günel CƏLİLOVA