Bakı-Ağdam yolunda 35 il sonra ilk...
Aydın Hüseynov: “Bərdə-Ağdam yolu bölgədə sərnişin və yük daşınmalarının intensivliyi baxımından əhəmiyyət kəsb edir”
Məlum olduğu kimi, bu günlərdə Bərdə-Ağdam avtomobil yolunun açılışı olub. Açılışda Prezident İlham Əliyev də iştirak edib.
Məlumat üçün bildirək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilib.
“Bu yol Ağdama və oradan da Xankəndiyə hərəkəti təmin edən əsas tranzitlərdən biri olmaqla, gələcəkdə bölgədə hərəkətin intensivliyi və yük daşınmalarının sıxlığı baxımından mühüm əhəmiyyət kəsb edəcək”
Bərdə-Ağdam avtomobil yolunun hərbi, iqtisadi və strateji əhəmiyyəti haqqında fikir bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin aparılması tədbirləri sürətlə davam etdirməkdədir: “Cənab Prezidentin səfəri zamanı yeni layihələrin əsasının qoyulması və açılışları təsdiqləyir ki, Azərbaycan hökuməti heç bir xarici maliyyə almadan, özünün güclü iqtisadi qüdrəti və maliyyə ehtiyatları hesabına Qarabağda geniş qurucluq işləri aparmağa qadirdir. Eyni zamanda, ölkəmiz nəzərdə tutulan bütün iqtisadi-sosial hədəflərini, bütün regionlarda nəqliyyat və sosial infrastrukturların yenidən qurulmasını ardıcıl davam etdirməklə bərabər, Qarabağda iri nəqliyyat kommunikasiyalarının, beynəlxalq tipli qovşaqların icra olunmasında heç bir maliyyə çatışmazlığı ilə üzləşmir, əksinə artan imkanları hesabına bu quruculuğun miqyasını daha da genişləndirir”.
Millət vəkilinin sözlərinə görə, Bərdə-Ağdam avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələri sırasında xüsusi əhəmiyyət daşıyır. Uzunluğu 44,5 kilometr olan avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilib. Yolun 25-ci və 40-cı kilometrlik hissələrində 91,3 metr və 18,2 metr uzunluğunda avtomobil körpülərinin, yolun 14-cü və 42-ci kilometrlik hissələrində isə 66 metr və 43 metr uzunluğunda yol qovşaqlarının və 4-cü, 14-cü və 16-cı kilometrlik hissələrində yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunub. Nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və məsafə göstəricilərinin, həmçinin müasir məlumatverici lövhələrin quraşdırılması işləri icra olunmaqla yol beynəlxalq standartlar çərçivəsində istifadəyə verilib. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir. Bu yol Ağdama və oradan da Xankəndiyə hərəkəti təmin edən əsas tranzitlərdən biri olmaqla, gələcəkdə bölgədə hərəkətin intensivliyi və yük daşınmalarının sıxlığı baxımından mühüm əhəmiyyət kəsb edəcək.
A.Hüseynov onu da əlavə etdi ki, dövlət başçısının iştirakı ilə istifadəyə verilən bu cür layihələr həm də sosial xarakterlidir, burada yüzlərlə insanın iş yerləri ilə təmin edilməsi məşğulluğun həllində və bu bölgədə məskunlaşacaq insanların layiqli sosial yaşayışı üçün xüsusi əhəmiyyət daşıyır: “Eyni zamanda, Bərdə-Ağdam yolu yaxın illərdə Xankəndiyə və azad edilmiş digər ərazilərə səfərləri, turistlərin səfəri üçün də əhəmiyyətli yol xəttinin bir hissəsi kimi strateji rol oyanayacaq, bölgəyə səyahət edəcək turistlərin əsas axınında bu yol rahat və əlverişli marşruta çevriləcək”.
Günel CƏLİLOVA