Ölkədə tibbi tullantılar problemi təhlükəli həddə çatıb - millət vəkili xəbərdarlıq etdi...
“Regionalarda tibbi tullantılarla bağlı problemlər qabarıq olaraq qalır”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov Milli Məclisdə çıxışı zamanı deyib.
O bildirib ki, tullantıların toplanmasında ciddi problemlər var: “Bu problemi 10-15 il öncə ilə müqayisədə etsək çox işlər görüldüyünü demək olar. Amma problemlər yenə qalır. Bölgələrimizdə isə bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac var. Aidiyyəti qurumlarla hansı addımların atılmasının birgə müzakirə olunması vacibdir".
Maraqlıdır, tibbi tullantılarla bağlı problem necə həll olunmalıdır?
Flora Hacıyeva: “Tibbi tullantılar yoldan keçən fəhlələr vasitəsilə deyil, məhz həkimlər vasitəsilə xüsusi tullantı torbalarına yığılmalıdır”
Ekoloq Flora Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tibbi tullantılar səhiyyə müəssisələrindən qaynaqlanan insan və ətraf mühit üçün təhlükəli patoloji tullantılar, infeksion tullantılar və kəsici-dəlici maddələrdən əmələ gələn tullantılardır: “Tibbi tullantılar yüksək səvviyyədə risq daşıyan bir tullantı qrupudur. Bu tullantıların məhv edilməsi üçün 3 cür tullantı torbaları var. Bu torbaların sayəsində tullantıların risq səviyyəsi də müəyyən edilir. Və tullantılar çeşidinə görə məhv edilir. Tibbi tullantılar dedikdə iynələr, tibbi əlcəklər, cərrahi ləvazimatlar, cərrahi geyimlər və s. tibbi vasitələrin istifadəyə yararsız formaları nəzərdə tutulur. Qan nümunələrinin yer aldığı məhlul formasında olan tibbi tullantılar qan yolu ilə müxtəlif yoluxucu xəstəliklər - Hepatit, AİDS və s. xəstəliklərin yayılmasına səbəb ola bilər. İnsan ifrazatı, hüceyrə nümunələri müxtəlif xəstəliklərə yol açdığı üçün tibbi tullantılar, xüsusi istehsal edilmiş tullantı torbaları vasitəsilə atılmalı və məhv edilməlidir. Tibbi tullantılar yoldan keçən fəhlələr vasitəsilə deyil, məhz həkimlər vasitəsilə xüsusi tullantı torbalarına yığılmalıdır. Çünki tibbi tullantılardan xəbərsiz olan şəxslər bunun necə utilizasiya edilməsindən də xəbərsiz olur. Tibbi tullantılar xəstəxanalar daxilində çeşidlənməli və məhv edilməlidir. Onu da deyim ki, xəstəxanalarda tibbi tullantıların utilizasiya edilməsi üçün kifayət qədər şərait var”.
Ekspert hesab edir ki, tibbi tullantılar üçün xüsusi utilizasiya yerləri olmalıdır: “Bəzən məişət tullantılarının atıldığı ərazilərdə uşaqlar, elə böyüklər də nəsə axtarır, dəmir yığır və satırlar. Tibbi tullantılar onların sağlamlığı üçün təhlükəlidir. Buna diqqət yetirmək lazımdır”.
Pərvanə Mustafayeva: “Tibbi tullantılarla bağlı müəyyən problemlər var”
Həkim ekspert Pərvanə Mustafayeva da bildirdi ki, tibbi tullantılarla bağlı müəyyən problemlər var və bu hal daha çox böıgə xəstəxanalarında müşahidə olunur: “Xəstəxanalarda kəsici-deşici alətlərin tullantıları risq daşıyır. Bu kimi tullantıların atılmasında deşilməyən plastik qablardan istifadə olunmalıdır. Ölkəmizdə tullantıların daşınmasında da ciddi problemlər var. Bu, xəstəxananın özünün daşıya biləcəyi yük deyil. Hər bir xəstəxananın özünün çıxardığı tullantıları utilizasiya etməməsi müəyyən problemlərə səbəb ola bilər”.
Günel CƏLİLOVA