"Banklar köhnəlmiş dollar əskinaslarını geri almır" iddiaları doğrudurmu?..
Eldəniz Əmirov: “Bankın köhnə dolların manata dəyişdirilməsindən imtina etmək kimi səlahiyyəti yoxdur”
Azərbaycanda banklar köhnə yüz dollarlıq əskinasları dəyişdirmək üçün qəbul etməkdən imtina edirlər. Son vaxtlar vətəndaşlar tərəfindən belə şikayətlərin sayı çoxalıb.
Sosial şəbəkələrdə bu problemlə üzləşən vətəndaşlar bildirirlər ki, banklar köhnə dollarları, xüsusən 2006-cı ildən öncə tədavülə buraxılan ABŞ dollarını dəyişməkdən imtina edirlər. İddia olunur ki, üzərində möhür olan dollar əskinası da dəyişilmir.
Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd edilir ki, ABŞ dollarının emitenti olmadığı üçün onların qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank və kommersiya banklarının hər hansı öhdəliyi yoxdur: “Kommersiya bankları bu əməliyyatların icrası üzrə qərar verməkdə sərbəstdirlər”.
“Bankların valyutadəyişmə hissələrində belə qayda yoxdur, köhnə dolları götürən yerlər çoxdur”
Iqtisadçı ekspert Eldəniz Əmirov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bankın köhnə dolların manata dəyişdirilməsindən imtina etmək kimi səlahiyyəti yoxdur: “Ən azından imtina etmək səbəbini əsaslandırmalıdır. Belə olan halda, vətəndaş prosesin sonrakı mərhələləri üçün rəsmiyyətə, yəni rəsmi müraciətə keçməli, bankdan rəsmi cavab istəməlidir. Bank rəsmi açıqlama verməlidir ki, köhnə dolları niyə manatla dəyişmir. Bundan sonra artıq vətəndaş Mərkəzi Banka müraciət edə bilər ki, filan bank mənə bu cavabı verib. Hüquqi prosedur budur. Qeyd edim ki, bütün bankların valyutadəyişmə hissələrində belə qayda yoxdur. Köhnə dolları götürən yerlər çoxdur”.
E.Əmirov onu da əlavə etdi ki, bank köhnə dolları qəbul edib, əvəzində yenisini verməkdən imtina edə bilər: “Bu, valyuta mübadiləsi prosesi deyil. Sadəcə, əskinasların köhnə və yenilərinin dəyişdirilməsidir. Bank bundan imtina edə bilər, çünki onun belə bir öhdəliyi yoxdur”.
Günel CƏLİLOVA