"Fransanın Afrikadakı müstəmləkəçiliyinə "sivilizator missiyası" ilə haqq qazandırılıb" - Cibuti Milli Assambleyasının deputatı
Fransanın Afrikadakı müstəmləkəçiliyinə adətən qondarma "sivilizator missiyası" ilə haqq qazandırılıb -və Afrika ölkələrinin yüksək inkişaf səviyyəsi görməzdən gəlinib.
Trend xəbər verir ki, bunu Cibuti Respublikasının Milli Assambleyasının deputatı, Cibuti- Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri İlayya İsmael Geudi "Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər" adlı konfransda çıxışında deyib.
"Lakin reallıq ondan ibarətdir ki, Afrika cəmiyyəti zəngin tarixə, mədəniyyətə və mürəkkəb struktura malikdir. Fransa mühacirləri XIX əsrdə Afrikada yerləşəndə burada artıq qüdrətli imperiyalar və mürəkkəb sosial təşkilata və formalaşmış iqtisadi sistemə malik krallıqlar mövcud idi. Bu sivilizasiyaların öz idarəetmə forması və sosial iyerarxiyası var idi", - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu müstəmləkəçiliyin nəticələri Afrika ölkələrinin kollektiv yaddaşında dərin izlər buraxıb.
"Keçmiş Fransa müstəmləkəçiləri hakimiyyətdə müstəmləkəçilik maraqlarının davamını təmin edərək marionetlər kimi fəaliyyət göstərən yerli kollaborasionistləri qoymaqla öz nüfuzunu qoruyub saxlayıb", - deyə o vurğulayıb.