"Fransa ordusu ölkəmizin strateji mövqelərini işğal edib" - Fransa Qvianası Hərəkatının üzvü
Ölkəmizin strateji mövqeləri Fransa ordusu tərəfindən işğal olunub. Trend xəbər verir ki, bunu Fransa Qvianası Hərəkatının üzvü Brays Noel Epayi "Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər" adlı konfransda çıxışında deyib.
"Fransa qanunları ərazimizdəki ehtiyatları istifadə etməyimizə icazə vermir və biz asılı vəziyyətdə saxlayır. Eyni zamanda yüzlərlə qeyri-qanuni obyektdən qızıl oğurlanır. Bu iqtisadi istismar dörd yüz ildən çoxdur ki, davam edir", - deyə o qeyd edib.
Epayi həmçinin bildirib ki, coğrafi rayonda ixrac olunan məhsulların böyük istehsalçılarının olmasına baxmayaraq, ölkə tədarükləri dəniz yolu ilə əldə etmək məcburiyyətindədir.
"Bizə qonşularımızla ticarət qadağan olunub", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Fransa şirkətləri Qviana meşələrini istismar edir və ölkənin biomüxtəlifliyi Avropa laboratoriyalarının sərəncamında qalır.
"İbtidai məktəbdən başlayaraq, müstəmləkə sakinləri Fransa tarixi və coğrafiyası ilə tanış olurlar. Məktəb proqramları Fransaya aiddir və Fransanın dövlət qulluqçusu olan direktorun səlahiyyətlərindən asılıdır", - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Konfrans Qoşulmama Hərəkatının (QHH) Parlament Şəbəkəsi, Bakı Təşəbbüs Qrupu, eləcə də Qoşulmama Hərəkatının Gənclər Təşkilatı (NAM Youth Organization) tərəfindən təşkil olunub.