İran Xəzər Konvensiyasını niyə təsdiqləmir?..
Qulamhüseyn Əlibəyli: “Tehran süni olaraq məsələnin birdəfəlik həllini yubadır”
Məlum olduğu kimi, bu günlərdə Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin məhdud tərkibdə görüşü keçirilib və bir sıra məsələlər müzakirə edilib.
Görüşdə Xəzəryanı dövlətlər arasında müxtəlif, o cümlədən iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bağlantılar, ətraf mühitin mühafizəsi və s. sahələr üzrə sektoral əməkdaşlıq gündəliyi ətrafında fikir mübadiləsi aparılıb. Tədbirin sonunda müzakirə olunmuş məsələlərin əks olunduğu bəyanat qəbul olunub.
“Görünən odur ki, İran yenə də əvvəlki kimi Xəzəri göl statusunda görmək istəyir”
Sözügedən məsələdə diqqəti çəkən məqam odur ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya hələ də qüvvəyə minməyib. Səbəb İranın bunu parlamentdə təsdiqləməməsi və yubatmasıdır.
Maraqlıdır, İran beş il əvvəl razılaşdırılmış və beş Xəzəryanı dövlətin təsdiqlədiyi Konvensiyanı bugünədək niyə ratifikasiya etmir? Halbuki, digər 4 sahilyanı ölkə bunu ratifikasiya edib.
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli bunu bir sıra amillərlə əlaqələndirdi: “Problem ondadır ki, Xəzərin statusu məsələsində İran hər zaman qeyri-konstruktiv mövqe tutub. Bunun da səbəbi ondan ibarətdir ki, İran Xəzəri göl hesab edirdi. Tehran bundan çıxış edərək hesab edirdi ki, Xəzərin bütün sərvətləri sahilyanı ölkələr arasında bərabər şəkildə bölünməlidir. Ancaq Azərbaycan daxil 4 sahilyanı dövlət Xəzəri beynəlxalq aləmdə qəbul olunduğu kimi, dəniz statusunda görmək istəyirdi. Nəhayət, 20 ildən çox çəkən müzakirələrdən sonra İran Xəzərin indiki statusu ilə razılaşdı. 2018-ci ilin avqustunda Xəzərin statusuna dair sahilyanı ölkələr tərəfindən Konvensiya imzalandı. Lakin indiyə qədər Konvensiyanı yeganə olaraq İran parlamentdə ratifikasiya etməyib. Bu da İranın əvvəlki mövqeyi ilə bağlı olan məsələdir. Tehran süni olaraq məsələnin birdəfəlik həllini yubadır. Görünən odur ki, İran yenə də əvvəlki kimi Xəzəri göl statusunda görmək istəyir. Bu, Tehran rejiminin qeyri-sağlam siyasətindən irəli gəlir. İran istəmir ki, 3 sahilyanı türk dövləti – Azərbaycan, Türkmənistan və Qazaxıstan güclənsin. Ona görə də belə məntiqsiz siyasət yeridir. Hər halda hesab edirəm ki, bütün hallarda Xəzərin statusu haqqında Konvensiyanın tam təsdiq olunmaması daha çox İranın əleyhinə işləyəcək. Bu baxımdan rəsmi Tehran bu məntiqsizliyə son qoymalıdır”.
Vidadi ORDAHALLI