Ermənistan KTMT-nin 7 hərbi təliminin heç birini özündə qəbul etmədi...
Elşad Həsənov: “İstisna deyil ki, belə bir öhdəliyi Qərb Paşinyanın qarşısında qoyub”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2024-cü ildə 7 hərbi təlim keçirməyi planlaşdırır. Bunu KTMT-nin baş katibi İmanqulu Tasmaqambetov qurumun Parlament Assambleyası Şurasının 16-cı plenar iclasında bildirib.
Onun sözlərinə görə, 7 hərbi təlim Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan ərazilərində keçiriləcək.
Qeyd edək ki, KTMT-nin bu toplantısına Ermənistanın nümayəndəsi qatılmayıb. Burada diqqəti çəkən məqam həm də odur ki, Ermənistan 2024-cü ildəki 7 təlimin heç birinin öz ərazisində keçirilməsini qəbul etmədi.
Ermənistanın sistemli şəkildə müxtəlif formada KTMT-ni iqnor etməsi siyasəti ümumilikdə nəyə hesablanıb və nə vəd edir?
“Rusiya gücləndikcə aqressivləşir və bir müddət sonra Ermənistan öz siyasətini dəyişməyə məcbur olacaq”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən siyasi ekspert Elşad Həsənov bununla bağlı bir sıra məqamlara aydınlıq gətirdi: “Ermənistan ard-arda KTMT-ni oyundankənar vəziyyətə salır. Bu ilin yanvarında KTMT-nin Ermənistanda hərbi təlimləri keçirilməli idi. Paşinyan buna razılıq vermədi. Ümumiyyətlə, bu il ərzində keçirilən KTMT tədbirlərinin heç birində Ermənistan iştirak etmədi. O cümlədən, Rusiyanın təşkil etdiyi tədbirlərin heç birində nə Ararat Mirzoyan, nə Armen Qriqoryan, nə də müdafiə naziri Suren Papikyan iştirak etdi. Faktiki olaraq, KTMT-ni iqnor etdilər və özlərinə Avropa İttifaqı yedəyində isti qucaq tapdılar. Bunların müqabilində Qərbdə Ermənistana böyük vədlər verildi. Bütün bunların nəticəsidir ki, Ermənistan 2024-cü ildəki 7 KTMT təlimin heç birinin öz ərazisində keçirilməsini qəbul etmədi. İstisna deyil ki, belə bir öhdəliyi Qərb Paşinyanın qarşısında qoyub. Çünki bütün bunlarla paralel, Avroittifaqın Ermənistandakı müşahidə missiyasının sayı artırılır. Rəsmi İrəvan KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşməsinə razılıq vermir. Aydın məsələdir ki, bu təsadüfi deyil. Ancaq bütün bunlara baxmayaraq, Ermənistanın Rusiyanın təsir dairəsindən asanlıqla çıxa biləcəyi real görünmür. Üstəlik, Rusiyanın Ermənistanda 2 hərbi bazası var. Həmçinin Qərbin başı Yaxın Şərqə, Ukraynaya qarışdığı üçün onların Ermənistana praktiki olaraq böyük dəstək verməsi real görünmür. Çünki geosiyasi vəziyyət çox mürəkkəbdir. ABŞ-ın Ukraynaya 62 milyard yardım göstərmək istəyi Konqresdə dalana dirənib. Bütün bunlar Rusiyanın mövqelərini möhkəmləndirir. Bu isə o deməkdir ki, Rusiyanın Ermənistanla bağlı cəza tədbirləri sərt olacaq. Nəzərə almaq lazımdır ki, Rusiya gücləndikcə aqressivləşir. Ona görə də bir müddət sonra Ermənistan öz siyasətini dəyişməyə məcbur olacaq. Çünki Rusiyanın əlində çox böyük təzyiq rıçaqları var”.
Vidadi ORDAHALLI