Paşinyan Qarabağ ermənilərinin pensiyasını verə bilmir - etirazlar başlayır...
Mübariz Göyüşlü: "Qarabağdan könüllü Ermənistana köçən ermənilər bu ölkənin büdcəsi üçün ağır yükdür"
Ermənistan hökümətinin və separatçıların göstərişi, təkidi ilə Qarabağdan İrəvana könüllü gedən ermənilər atdıqları addıma görə peşiman olublar.
Şirin dilə, yağlı vədə aldanıb köçürülənlərin əksəriyyəti artıq Ermənistanı tərk edib, orada qalanların bir çoxu isə Paşinyan hökümətindən giley-güzar edir, çünki Qarabağdan gedən ermənilərin xeyli bir qismi aylardır pensiya ala bilmir. Pensiya ala bilməyənlər artıq mətbuata çıxıb hökuməti tənqid edirlər.
Qarabağdan "məcburi miqrant", 68 yaşlı Vladimir Akopyan neçə aydır pensiya almadıqlarını deyib.
“Paşinyan Snoop Dogga 6 milyon dollar verdi ki, oxumasın, bizə pensiyamızı vermir, biz nə ilə dolanaq?” - bildirən Akopyan deyib ki, 2020-ci il müharibəsindən sonra İrəvana köçüblər. "Hökumətin verdiyi pulla Eçmiədzində ev ala bildik. Bundan əvvəl pensiya, müavinət alıb dolana bilirdiksə, indi 3 ay keçib, heç nə almamışıq. Pasportlarımızı dəyişdik, dediklərinin hamısını etdik, amma pul almırıq. Onlar "Artsaxdan gələn yeni miqrantlara" dəstək verirlər, amma bizə heç nə vermirlər, hətta təqaüdlərimizi də vermirlər”, - deyən Vladimir Akopyan əlavə edib ki, hökumətin və Vahid Sosial Xidmətin qaynar xəttinə zəng edib, lakin onlar heç bir aydın cavab verməyib. "Artıq əsəblərim dözmür, biz bu hakimiyyətlərdən və bu haqsızlıqdan bezmişik” – o deyib.
Yanvar ayından pensiyaların veriləcəyi ilə bağlı iddiaya Akopyan belə cavab verib: “Bəs mən yanvara qədər nə ilə yaşayacağam? Mən əliləm, əlil arabasına məhkumam. Oğlum da 2016-cı il müharibəsində iştirak edib, müharibə zədəsi səbəbindən əlildir, müalicə və dərman tələb edən müxtəlif xəstəliklərimiz var. Bəli, klinika bacardığı qədər kömək edir, amma yenə də çatmır, mən nə edim, hörmətli hökumət, hörmətli Nikol Paşinyan?
Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə söz verdi, amma heç nə etmir, onurğasız adamdır, bu adamları aldadıb. İndi də aldatmağa davam edir. Snoop Dogga baş tutmayan konsert üçün 6 milyon dollar ödəyib. O deyib ki, Paşinyan, mənə oxumayacağıma görə 1 milyon dollar ver, mən də oxumayım. İmkanım olsaydı, onu və hökumətini məhkəməyə verərdim...” - deyə Vladimir Akopyan bildirib.
"Paşinyanın onlara pensiya verməkdən boyun qaçırmasında təəccüblü heç nə yoxdur"
Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Qarabağdan könüllü köçən ermənilərin Ermənistanda bu vəziyyətə salınmasında qeyri-adi heç nə yoxdur. "Ermənistanın sosial-iqtisadi vəziyyəti həmişə gərgin olub. Son illər isə bu problem daha qabarıq şəkildə həm hiss olunmaqdadır, həm dilə gətirilməkdədir. Qarabağ problemi ermənilərin xəstə təxəyyülünün məhsuludur və bunun istər ermənilər, istərsə də Ermənistan üçün hansı nəticələr verdiyi müşahidə olunur. Gizlin deyil ki, bu məsələ Ermənistanın çəkə bilməyəcəyi ağır bir yük idi. Əslində, Paşinyan hökuməti də, ermənilər də minnətdar olmalıdır ki, Azərbaycan Ermənistanı bu yükdən azad etmiş oldu. Qarabağdan gedən ermənilərin Ermənistanda problemlərlə üzləşməsinə, pensiya ala bilməməsinə gəlincə, əlbəttə, bu təbiidir. Çünki Paşinyanı və onun hökumətini Qarabağ məsələsi də, Qarabağdan könüllü köçən ermənilərin taleyi də maraqlandırmır. Onu ancaq siyasi karyerası və maddi gəlirlərini artırmaq düşündürür. Bundan başqa, Qarabağ məsələsi gündəmdən çıxırsa və konkret olaraq bunu öz gündəliyindən silirsə, bu halda onu Qarabağ ermənilərinin sosial təminatını həyata keçirmək də maraqlandırmır. Bir də ki, Qarabağdan könüllü Ermənistana köçən ermənilər bu ölkənin büdcəsi üçün ağır yükdür.
Paşinyanın onlara pensiya verməkdən boyun qaçırmasıda təəccüblü heç nə yoxdur. Hazırda Paşinyan Qərbin maraqlarına oynayır, məqsədi daha çox dəstək qazanmaq, xaricdəki erməni diasporundan öz təbliğatı üçün istifadə etməkdir. O, nə Qarabağdan köçən ermənilərin sosial təminatını düzəldəcək, nə də onlara pensiya verəcək. Ermənilər vaxtında Azərbaycan dövlətinin, mərkəzi hakimiyyətin çağırışlarını eşidib Azərbaycan vətəndaşlığını qəbul etsəydilər indi bu vəziyyətə düşməzdilər" - deyə qeyd edən M.Göyüşlü bildirdi ki, məhz Azərbaycan dövləti onları hər cür qayğı ilə əhatə edəcəkdi. O vurğuladı ki, indi onların İrəvan küçələrində Paşinyandan pensiya tələb etməsi fayda verməyəcək, belə duruma düşməmək üçün vaxtında Azərbaycan vətəndaşlığını qəbul etməli idilər.
İradə SARIYEVA